Nazir müavini: "İnnovativ inkişafa dəstək üçün ölkədə əlverişli mühit formalaşdırılır"


Digərləri 15 Dek 2017 10:53:00 249 0

Nazir müavini: "İnnovativ inkişafa dəstək üçün ölkədə əlverişli mühit formalaşdırılır"

İnnovativ inkişafa dəstək üçün ölkədə əlverişli mühit formalaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu gün Bakıda keçirdyi "Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri" mövzusunda konfransında çıxışında deyib.

E.Vəlizadə qeyd edib ki, innovativ inkişaf üçün ölkədə müvafiq institusional qurumlar yaradılıb, bu prosesə dəstək vermək üçün əlverişli mühit formalaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən Strateji Yol Xəritələri ölkənin innovativ inkişafının daha da sürətlənməsinə xidmət edir. Bu fəaliyyət ölkənin elmi, istehsalat, tədris, iqtisadi və kadr potensialının qarşılıqlı əlaqəsinin güclənməsinə və nəticədə yeni elmi ixtiraların, müasir texnologiyaların və məhsulların, perspektiv həllərin meydana çıxmasına səbəb olacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahat prosesi innovasiya yönümlü inkişaf üzərində qurulub. Ölkədə innovativ layihələrin dəstəkləndiyini bildirən V.Qasımlı elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin səmərəli nəticələr verdiyini vurğulayıb. Qeyd edilib ki, yüksək texnologiyalar və innovasiya siyasətinə diqqətin artırılması Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutmasına gətirib çıxaracaq.