Heydər Əliyev Mərkəzində Mikelancelo Merizi da Karavacconun əsərləri sərgilənir (FOTO)


Digərləri 14 Dek 2017 10:09:45 200 0

Heydər Əliyev Mərkəzində Mikelancelo Merizi da Karavacconun əsərləri sərgilənir (FOTO)

Dekabrın 13-də Heydər Əliyev Mərkəzində “Karavacco - Opera Omnia” adlı sərgi açılıb.

Bakı. Dekabrın 13-də Heydər Əliyev Mərkəzində “Karavacco - Opera Omnia” adlı sərgi açılıb. Sərgidə məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsərinin rəqəmsal texnologiyadan istifadə edilərək hazırlanmış reproduksiyaları təqdim edilib. Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr edilən bu sərgi Heydər Əliyev Mərkəzi və İtaliyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib: “Biz, ümumiyyətlə, Azərbaycanla İtaliya arasında əlaqələrə xüsusi önəm veririk. Bu səbəbdən də ölkələrimiz arasındakı əlaqələr gündən-günə daha da genişlənir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyətimiz İtaliyanın müxtəlif şəhərlərində təqdim edilib. Bu günədək Heydər Əliyev Mərkəzində İtaliya mədəniyyətinə dair bir sıra tədbirlər keçirilib. Burada italyan bəstəkar Umberto Cordanonun "Sibir" operası nümayiş olunub, həmçinin tanınmış modelyer Renato Balestranın Azərbaycan milli ornamentlərindən istifadə edərək yaratdığı unikal moda kolleksiyası təqdim edilib. Belə tədbirlər iki ölkə arasındakı əlaqələrə müsbət töhfəsini verməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə artıq altı ildir ki, Azərbaycan Venesiya Biennalesində təmsil olunur, bu sərgilərdən sonra bizim rəssamlarımız çox böyük uğurlar qazanırlar. Bilirsiniz ki, Heydər Əliyev Mərkəzi unikal arxitekturaya malikdir və bu bina tanınmış memar Zaha Hadidin əsəridir. Bu gün burada bu sərginin açılması həm də rəmzi xarakter daşıyır. Çünki Heydər Əliyev Fondu Romada Zaha Hadidin başqa bir memarlıq əsərində - MAXXI Milli Müasir İncəsənət Muzeyində Azərbaycan mədəniyyətini nümayiş etdirən "Fly to Baku" sərgisini təşkil etmişdi. Karavacconun yaradıcılığını əks etdirən bu layihənin ərsəyə gəlməsində iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk”. İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari isə çıxışında deyib ki, bu tədbir ölkələrimiz arasındakı diplomatik əlaqələrin 25 illiyinin qeyd edilməsində çox mühüm hadisədir: "Belə layihələrin təşkili xüsusi əhəmiyyət kəsb edir. Mikelancelo Merizi da Karavacconun əsərləri olduqca böyük anlam daşıyır. Heydər Əliyev Mərkəzi ilə birlikdə açdığımız bu sərginin təşkilindən olduqca məmnunuq. Ümid edirəm ki, bizim mədəniyyət sahəsindəki əməkdaşlığımız gələcəkdə də davam edəcək”. Rəssamın həyat yoluna nəzər salan diplomat deyib ki, onun yaratdığı rəsmlər sənətkarın həyat yolunun heç də hamar olmadığını göstərir: "Sərgidə rəssamın təqdim olunan 37 işi bir daha onun necə böyük sənət adamı olduğunu təsdiqləyir və izləyicilərin rəssamın möhtəşəm əsərləri ilə bir daha tanış olmasına imkan yaradır".