"Qüds bombası": Trampın geosiyasi məqsədləri və dünya


Dünya 13 Dek 2017 18:24:00 267 0

"Qüds bombası": Trampın geosiyasi məqsədləri və dünya

Amerikanın dövlət başçısı Donald Tramp Qüdslə bağlı vəd etdiyi qərarı açıqlayıb.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, o, şəhərin şərq hissəsi də daxil olmaqla bütövlükdə onu İsrail dövlətinin paytaxtı kimi tanıdığını bəyan edib. Əsas fikri bundan ibarətdir ki, "İsrailin rəsmi olaraq bir paytaxt şəhəri olmalıdır". Əslində, bu problem 1917-ci ildə "Balfur bəyannaməsi"ndən başlayıb. Bu sənədlə yəhudilərin Fələstin ərazisində dövlət qurmaq hüquqları tanınıb. 1967-ci ildə Qüdsün qərb hissəsi "Altıgünlük müharibə" zamanı İsrail tərəfindən işğal olunub. İndi isə faktiki olaraq Donald Tramp bu işğalı tamamlayır. Lakin onun bu addımı bütün dünya tərəfindən etirazla qarşılanıb. Müxtəlif dövlətlərin başçıları Vaşinqtonun ciddi səhvə yol verdiyini bildirirlər. Daha düşündürücü olanı bütün bu hadisələrin həm Yaxın Şərqdə, həm də ətraf regionlarda geosiyasi dinamikanı necə dəyişə biləcəyidir. Həmin məqam üzərində daha geniş dayanmağa ehtiyac duyulur.

Yeni yanlışlıq: Tramp tarixə qarşı

Amerika prezidenti bəlkə də həyatında ən böyük səhvlərdən birinə yol verib. Qüdsü İsrailin paytaxtı kimi tanıması sadəcə yəhudi və fələstinlilər arasında olan münaqişənin çərçivəsinə sığmır. İndiki beynəlxalq aləmdə bu məsələ iki sivilizasiyanın qarşıdurması kimi qiymətləndirilir. Həqiqətdə belə olub-olmamasından asılı olmayaraq, şüurlar məhz elə qəbul edirlər. Bu səbəbdən ABŞ-ın yeni "orijinal" prezidentinin Qüdslə bağlı verdiyi qərar dinindən və ölkə mənsubluğundan asılı olmayaraq, əksər insanları narahat edib.

Bəs Donald Trampın arqumentləri nələrdən ibarətdir? Onun məsələ ilə bağlı etdiyi müraciətin mətninə nəzər saldıqda, Amerika kimi böyük bir dövlətin rəhbərinin fikirlərinin bu dərəcədə ziddiyyətli və arqumentsiz olmasına təəccüb etməyə bilmirsən (bax: Full Video and Transcript: Trump's Speech Recognizing Jerusalem as the Capital of Israel / "The New York Times", 6 dekabr 2017).

D.Tramp bütün çıxışı boyu eyni sözləri dəfələrlə təkrar edir və bu qapalı dairədən kənarda bir dənə də olsun tutarlı fakt gətirə bilmir. Dediyinə görə, bu addımı seçki prosesində verdiyi vədə görə atır. Yəni söz verib ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq. Səbəb? Tarixi gerçəklikmi, yoxsa lobbi qruplarının dəstəyini qazanmaq? Əgər bir namizəd məhz seçkidə öz ölkəsinə aidiyyəti olmayan bir məsələ ilə bağlı nə isə qeyri-adi bir vəd verirsə, bunun arxasında müəyyən məqamlar dayanmalıdır. Həm də ona görə ki, 1995-ci ildə ABŞ Konqresinin Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, səfirliyin oraya köçürülməsi ilə bağlı sənəd qəbul etməsinə baxmayaraq, ölkə prezidentləri bunu həyata keçirməmişdilər. Bunun səbəbi isə regionda sülhü bərpa etmək zərurəti ilə izah edilirdi. Eyni zamanda, Qüdsdə yalnız yəhudilərin deyil, xristian və müsəlmanların da yaşadığını, onların mədəniyyət nümunələrinin o şəhərdə var olduğunu dəlil olaraq göstərirdilər. Və haqlı idilər.

Lakin D.Tramp hazırkı çox mürəkkəb bir geosiyasi dönəmdə çox riskli bir addım atdı. Onun başqa bir "arqumenti" "həqiqəti bərpa etməklə münaqişənin həllinə yardım göstərmək"dir (bax: əvvəlki mənbəyə). Bu, doğrudan da çox gülüncdür. Çünki, əslində, bu qərarla regionda geosiyasi-hərbi vəziyyəti son dərəcə gərginləşdirməkdən başqa bir şeyə nail olmaq mümkün deyil. Tərəflər həmin qərardan sonra bir-birinə düşmən kimi baxır, ortaq nöqtəyə gəlmək üçün heç bir əsasın qalmadığını düşünürlər. Axı Qüds mübahisəli şəhərdir və burada tərəflərdən hər hansı birinin xeyrinə addım atılması heç bir halda münaqişənin həllinə yardım etməz.

Dünya ölkələrinin D.Trampın aldığı qərara münasibəti də bunu təsdiq edir. Böyük Britaniya, Fransa və Almaniya yaranmış vəziyyətdən narahatlıqlarını bildiriblər. Onlar açıq deyirlər ki, D.Tramp riskli addım atıb, situasiyanı daha da gərginləşdirib (bax: Арабский мир готовится к битве за Иерусалим / "Независимая газета", 6 dekabr 2017). Rusiyanın rəsmi nümayəndələri bəyan ediblər ki, "situasiya sadə deyil, vəziyyət daha da mürəkkəbləşə bilər" (bax: əvvəlki mənbəyə). Prezident Vladimir Putin isə Rəcəb Tayyib Ərdoğanla telefon danışığında, Kremlin BMT Təhlükəsizlik Şurası çərçivəsində bu qərara qarşı öz səsvermə hüququndan istifadə edəcəyini bildirib.

Qarşıdurma: daha kəskin və riskli vəziyyətə doğru