Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib FOTO


Digərləri 11 Dek 2017 19:48:00 264 0

Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib  FOTO

Baş Prokurorluqda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız tərəfindən dərin ehtiramla yad edilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır.

Bildirilib ki, ötən əsrin 60-cı illərindən başlayaraq ölkəmizin 30 ildən artıq dövrünü əhatə edən ən yeni tarixi Heydər Əliyev dahi şəxsiyyətinin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub. Bu müddətdə Ulu Öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə edib. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovet dövründə ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlayıb, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaradıb, daha sonra Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işləri həyata keçirib.

Doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik edib. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlayıb və müstəqil inkişaf yoluna çıxarıb.

Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xilaskarlıq missiyasını fədakarlıqla üzərinə götürən Heydər Əliyevin həyata keçirdiyi böyük quruculuq işləri, strateji inkişafa zəmin yaradan dövlətçilik konsepsiyasının hazırlanması nəticəsində bütün dünya azərbaycanlılarının fəxri və ümid yeri, vətəndaşlarına layiq olduqları həyat səviyyəsini təmin etməyə qadir olan güclü dövlətin yaradılmasına, azərbaycançılıq ideologiyasının gücləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına nail ola bilib.

Bildirilib ki, Ümummilli Liderin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri olmaqla xalqımızın yaddaşında dahi şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, milli qurtuluşa nail olması onun xalqla mənəvi birliyinin əyani sübutudur.

Ölkəmizin tarixinə sabitlik və inkişaf dövrü kimi düşən 1993-2003-cü illər ərzində Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda hüquqi və dünyəvi dövlət qurulub, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində mühüm addımlar atılıb, geosiyasi mövqelərini möhkəmləndirən ölkəmiz dünya birliyində layiqli yerini tutub, azərbaycançılıq məfkurəsi inkişaf etdirilməklə iqtisadi dirçəlişə nail olunub.

Məhz bu dövrdə hüquq mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanılıb, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən islahatların aparılması - bütün bunlar Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilib.

Qeyd edilib ki, Ümummilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də keçirilmiş referendumla qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun bünövrəsini qoyub. Ulu Öndərin ölkəmizdə həyata keçirdiyi məhkəmə-hüquq islahatları, inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsini özündə birləşdirən üçpilləli məhkəmə sisteminin qurulmasına, prokurorluq orqanlarının tam yenilənərək dövlət idarəetmə mexanizmində rolu dəqiq müəyyən edilib.


Xəbərə aid fotolar