Sərmayə qoymadan, haqq ödəmədən, pul köçürmədən


Digərləri 10 Dek 2017 20:46:00 267 0

Sərmayə qoymadan, haqq ödəmədən, pul köçürmədən

Kimlərinsə maraqlarının lobbiçiliyini edərək ölkədə UBER xidmətlərin yaşamasını təmin etməkdənsə, yerli şirkətlərin sağ qalmasını hədəf seçmək lazımdır

"Azərbaycanda fəaliyyət göstərən elektron taksi xidmətləri firmalarının nağdsız hesablaşmalar zamanı 18%-lik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilməsi Azərbaycan bazarında ədalətli rəqabətin yaradılması istiqamətində addımdır".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu maliyyə bazarındakı məlumatlı mənbə bildirib.

ƏDV Azərbaycanda elektron ticarət formasında taksi xidməti göstərən xarici firmalara şamil ediləcək. Bu barədə AR Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinə istinadla xəbər verir.

Mərkəz bildirib ki, son günlər kütləvi informasiya vasitələrində ölkə ərazisində göstərilən taksi xidmətlərinə görə 18 faiz dərəcə ilə əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı məlumatlar yer alıb. Bununla əlaqədar Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri sərnişin daşıma xidmətləri ƏDV-yə cəlb olunmayan xidmətlərdir və bu xidmətlərin istehlakçısı olan vətəndaşlar taksi xidmətlərinin dəyərini ödəyərkən həmin məbləğə ƏDV daxil edilmir.

1 yanvar 2017-ci il tarixdən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən yalnız Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə görə vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyri-rezidentə aparılan ödəmələrdən ƏDV tutulur.

"Qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilir. Ölkə ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV daxil olmaqla formalaşan dəyərdən ibarət olduğundan bu xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir" - deyə nazirlik bildirir.

Bununla yanaşı, nazirlik qeyd edir ki, dövlət vergi orqanlarında qeydiyyata alınaraq ölkə ərazisində qanuni əsaslarla sərnişindaşıma fəaliyyətini həyata keçirən yerli hüquqi və fiziki şəxslərin, habelə xarici şirkətlərin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin göstərdikləri taksi xidmətlərinin müqabilində müştərilər tərəfindən istər nağd qaydada, istərsə də ödəniş kartları vasitəsilə həmin şəxslərə ödənilən xidmət haqlarına görə ƏDV tutulmur.

2017-ci ilin yanvarında qüvvəyə minən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, elektron ticarətlə (e-ticarət) məşğul olan bütün şirkətlər ƏDV ödəməyə başlayıblar.

"Bununla belə, banklarda və prosessinq mərkəzlərində zəruri proqram təminatlarının olmaması səbəbindən, ilk növbədə UBER-ə münasibətdə elektron ticarətə vergilərin tətbiqi mümkün olmayıb" - deyə ekspert bildirib.

Məsələ ondadır ki, sözügedən taksi xidməti şirkətləri, əgər artıq adını çəkdiyimiz şirkəti nümunə olaraq götürsək, ödənilmiş gediş haqqını Azərbaycan xaricində açılan xüsusi hesaba köçürürlər.

"Onlar ölkəyə heç bir sərmayə qoymadan, heç bir haqq ödəmədən, avtomobillərə pul köçürmədən və ya sürücülərə maaş ödəmədən, sadəcə pul alırlar və öz hesablarına köçürürlər" - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, UBER şirkətinə dəfələrlə Azərbaycanda öz ofisini açmaq və öz fəaliyyətini ümumi qaydada həyata keçirmək təklif edilib. Məsələ ondadır ki, Azərbaycanda analoji sxem üzrə işləyən digər taksi xidmətləri ofislərin saxlanılması, çağrı mərkəzində çalışan işçilərə sosial ödənişlər etmək və s. üçün vəsait ayırırlar.

"Biz bununla əlaqədar olaraq dəfələrlə maliyyə xidmətinin ünvanına iradlarımızı bildirmişik ki, kimlərinsə maraqlarının lobbiçiliyini edərək ölkədə UBER xidmətlərin yaşamasını təmin etməkdənsə, yerli şirkətlərin sağ qalmasını hədəf seçmək lazımdır" - deyə etibarlı mənbə bildirib.


Xəbərə aid fotolar