"Mavi balina"dan sonra "Qırmızı bayquş":


Digərləri 10 Dek 2017 16:23:33 419 0

"Mavi balina"dan sonra "Qırmızı bayquş":

Son dövrlər internet üzərindən yayılan və yeniyetmələri intihara sürükləyən "Mavi balina" oyunundan sonra "Qırmızı bayquş" aktuallaşmağa başlayıb. Ukraynada, Rusiyanın bəzi ərazilərində geniş yayılan bu oyun da iştirakçılara naməlum idarəçi tərəfindən link vasitəsilə göndərilir, onu telefona endirmək mümkün deyil. Yeni təhlükəli "əyləncə"nin əsas xüsusiyyəti isə iştirakçıların sutkalarla oyaq qalması və qorxunc, təhlükəli tapşırıqları yerinə yetirməsidir. Bunların arasında özünü öldürmə və ya yaxınlarını öldürmə kimi tapşırıqlar da var. Qaydalara əməl edənləri isə hədiyyə gözləyir. Ehtimal ki, bu hədiyyə elə intihara çağırışdır.

Artıq Kiyevdə Lera adlı 14 yaşlı yeniyetmənin "Qırmızı bayquş" oyunun təsiri altında qollarını kəsdiyi məlumdur. Noyabrın 30-da itkin düşən qızı yaxınları Uman şəhərində qollarında çoxlu kəsiklərlə halsız vəziyyətdə tapıblar. Ehtimal olunur ki, Leraya bu şəhərə gəlməyi də idarəçilər tapşırıblar. Onun telefonunda "Qırmızı bayquş" oyunu və növbəti tapşırıqlarla bağlı təlimattapılıb. Faktla bağlı hansı rəsmi şərh verilməsə də, Kiyev polisinin yeni təhlükəli oyunla bağlı təhqiqata başladığı bildirilir. Ümumilikdə, intihar oyunları ilə əlaqədar təkcə Ukraynada 600 "ölüm qrupu" bağlanıb.

"Ölüm qrupu": halsızlıq, yuxusuzluq, səhərə qədər internetdə onlayn

Oyunun yayılma təhlükəsi və azyaşlılar arasında intihara səbəb olması ilə əlaqədar Ukrayna prezidentinin uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi Nikolay Kuleba bəyanat yayıb. Valideynləri diqqətli olmağa səsləyən səlahiyyətli nümayəndənin sözlərinə görə, "ölüm qrupları"na cəlb olunan uşaqların əsas xüsusiyyətləri həmişə halsızlıq, yorğunluq, bütün günü mürgüləmə, gecə yarıya, bəzən səhərə kimi internetdə qurdalanma, qollarında naməlum cızıqlardır. Onun sözlərinə görə, uşaqlar əvvəlcə bu oyuna cəlb edilirlər, onlara link göndərilir. Bu link vasitəsilə kuratorlar həmin yeniyetmənin İP ünvanını əldə edirlər. Əgər o, oyunu davam etditmək istəmirsə, ünvanını bildiklərini, onunla görüşərək başına oyun açacaqları ilə hədələyirlər.

Azərbaycanda "Qırmızı bayquş" oyununa aludə olan yeniyetmələrin mövcudluğu ilə bağlı hər hansı fakt olmasa da, təcrübə göstərir ki, bu oyunun ölkəmizə gəlib çıxması elə də çətin deyil. Daha əvvəl "Mavi balina" oynayaraq intihar etdiyi ehtimal olunan yeniyetmələrin olması buna sübutdur. Oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin məhz "Mavi balina" oyununun təsiri altında özünü asdığı ehtimal olunurdu.

Ötən ayın sonlarında isə Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayıldı. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri "Mavi balina" adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər.

"İnternet-klublarda səhərə qədər oyun oynayırlar..."