Zərrab məsələsi Türkiyəyə milyardlarla dollar ziyan vura bilər


Dünya 09 Dek 2017 19:04:00 275 0

Zərrab məsələsi Türkiyəyə milyardlarla dollar ziyan vura bilər

"Economist" məcmuəsi yazır ki, New York federal məhkəməsində davam edən proses Türkiyə hökumətinin sıralarında əsl panika əhval-ruhiyyəsi yaradıb.

34 yaşlı qızıl taciri Reza Zərrab bu məhkəmədə ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğunu etiraf edib, amma bu işdə ona Türkiyənin Halkbank dövlət bankının vasitəçilik etdiyini bildirib.

Zərrab ABŞ-ın bank sistemindən istifadə etməklə çirkli pullaırn yuyulması sxemində prezident Erdoğanın iştirakını da iddia edib.

"Economist" yazır ki, hazırda ABŞ-da təhqiq olunan cinayət işi 2013-cü ildə Türkiyədə prokurorların başlatdığı antikorrupsiya araşdırmasından çox az fərqlənir. O vaxt Türkiyədə bu iş üzrə elə həmin bu Zərrabdan başqa, üç kabinet nazirinin övladları və Halkbankın baş meneceri həbs olunmuşdular.

Onda da indiki kimi Zərrab İran qazı satışından əldə olunan çirkli pullara qızıl alıb Dubayda satmaqda ittiham edilirdi.

Amma o vaxt Erdoğan bu təhqiqatı Fethullah Gülenin islamçı hərəkatının gizli çevriliş cəhdi kimi qiymətləndirmiş, məhkəmə prosesləri dayandırılmış, prokurorlar və polis rəisləri vəzifələrindən qovulmuşdular. Bunun ardıca Erdoğan hökuməti korrupsiyada iştirakı iddia edilən nazirlərin övladlarını və Zərrabı həbsxanadan azad etmişdi.

"Economist" yazır ki, Erdoğan hələlik ölkə daxilində öz reputasiyasını media üzərinə qoyduğu senzura ilə qorumağa çalışır.

Zərrab Amerika məhkəməsində iqtisadiyyat naziri Zafer Çağlayana 60 milyon dollar rüşvət verdiyini və Erdoğanın Türkiyənin iki bankına bu əməliyyatda iştirak üçün göstəriş verdiyini iddia edəndən dərhal sonra ölkənin bütün böyük qəzetlərində dərc olunan məqalələrə senzura qoyulub.

Erdoğan ailəsinin ofşorlarda milyonlarla dollar gizlətdiyini iddia edən müxalifət liderinin çıxışının canlı yayını dayandırılıb.

Buna baxmayaraq, Türkiyə iqtisadiyyatını və bank sistemini riskdən qorumaq daha çətin olacaq. Əgər ABŞ məhkəməsində ittihamlar üzrə hökm çıxarılarsa, Halkbankı böyük cərimələr gözləyə bilər.

Nomura bankın iqtisadçısı İnan Demir deyib ki, cərimənin azı 5 milyard dollar olacağını təxmin etmək olar. Bu, Halkbankın bazar qiymətindən iki dəfə çoxdur.