Heydər Əliyev Mərkəzində "Məscidlər: İslamın möhtəşəmliyi" kitabının təqdimatı keçirilib FOTO


Digərləri 08 Dek 2017 23:54:00 248 0

Heydər Əliyev Mərkəzində "Məscidlər: İslamın möhtəşəmliyi" kitabının təqdimatı keçirilib  FOTO

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının "Məscidlər: İslamın möhtəşəmliyi" ("Mosques: Splendors of Islam") kitabının təqdimat mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə kitabda yer almış məscidlərin fotoşəkillərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə ingilis dilində hazırlanmış kitabla bağlı məlumat verilib. Bildirilib ki, nəşr müəllifin 8 illik zəhmətinin bəhrəsidir.

Sonra bütün iştirakçılar virtual olaraq kitabda yer almış məscidlərə səyahət ediblər.

Yeni nəşrin təqdimatının Vətənində keçirilməsinin qürurverici olduğunu söyləyən müəllif Leyla Uluxanlı bu layihəni dəstəklədiklərinə görə Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

"Mənim birinci sənətim şərqşünaslıqdır və sevinirəm ki, bu tədbirdə sevimli müəllimlərim iştirak edirlər. Biz kitabı hazırlayarkən qarşımıza məqsəd qoymuşduq ki, bu nəşr memarlar, rəssamlar, dizaynerlər, şərqşünaslar, o cümlədən geniş ictimaiyyət üçün maraqlı olsun. Layihənin əvvəlində peşəkarlardan ibarət komandamla dünyanın ən gözəl 267 məscidini ziyarət etdik. 25 ölkədən 53 məscid seçildi ki, onlar tarixən İslam sivilizasiyasının ən yüksək estetikasını təşkil edir. Azərbaycandan 3 məscid də kitaba daxil edildi. Bu gün İslam memarlığının inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm. Bakıda çox gözəl Heydər Məscidi tikilib. Bu, bizim kitabımızın ilk səhifəsində yer alıb", - deyə müəllif vurğulayıb.

Kitabdakı fotoların peşəkar fotoqraflar tərəfindən çəkildiyini bildirən müəllif deyib: "Təəssüflər olsun ki, bir sıra məscidlər dağıntılara məruz qaldığından biz arxiv materiallarından da istifadə etmişik".