Cocuq Mərcanlı məscidinin dini icması dövlət qeydiyyatına alındı


Digərləri 08 Dek 2017 16:20:00 328 0

Cocuq Mərcanlı məscidinin dini icması dövlət qeydiyyatına alındı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) qeydiyyatdan keçmiş Cocuq Mərcanlı dini icmasına şəhadətnamə təqdim edilib.

Son.az xəbər verir ki, DQİDK-dən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı erməni işğalçılarına qarşı cəbhənin ön səngəri olan Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə danışaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən kənddə Şuşa məscidinin bənzəri olan məscidin inşasının ictimai, siyasi, mənəvi və ideoloji baxımdan böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Komitə sədri Prezident İlham Əliyevin ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanılması, tarixi-mədəni və dini ibadətgahların yenidən qurulmasına, inşasına böyük əhəmiyyət verdiyini vurğulayaraq, ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət nəticəsində hazırda 783 dini icmanın dövlət qeydiyyatından keçdiyini, onların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, mütəmadi olaraq maddi dəstək göstərildiyini bildirib.

Söhbət zamanı Cocuq Mərcanlı məscidinin tikilməsinin, eyni zamanda, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsinə dəyərli töhfə olduğu xüsusi olaraq qeyd olunub.