Səlim Müslümov vətəndaşlarla görüşüb (FOTO)


Digərləri 08 Dek 2017 15:41:00 320 0

Səlim Müslümov vətəndaşlarla görüşüb (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Kürdəmir rayonunda 7 rayonun sakinlərini fərdi qaydada qəbul edib

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Kürdəmirdə həmin rayonun və Ucar, Zərdab, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri dinlənilib. Sosial təminat növlərinə hüququn müəyyən olunması, pensiya, sosial sığorta münasibətlərinə dair müraciətlər əsasən sorğu xarakteri daşıyıb və həmin məsələlərlə bağlı qanunvericiliyin müvafiq maddələri vətəndaşlara aydın şəkildə izah olunub. Məşğulluqla bağlı müraciət edən şəxslərə isə elə qəbul zamanı ixtisaslarına, əmək vərdişlərinə uyğun vakant iş yerləri təklif olunub və seçdikləri vakant yerlərə göndərişlər verilib. İşsiz və işaxtaran şəxslərdən bir qismi yeni peşələrə yiyələnmək istədiklərini bildiriblər və onlar peşə hazırlığına cəlb olunmaları üçün qeydiyyata alınıblar. S.Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası ölkəmizin regionlarının həyatında da uğurlu nəticələrini verir. Xüsusən aqrar sahənin inkişafı, torpaqlardan səmərəli istifadənin təmin edilməsi bölgələrdə, o cümlədən Kürdəmir, Ucar, Zərdab, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarında sosial-iqtisadi canlanmaya, pambıqçılıq, baramaçılıq, heyvandarlıq və digər sahələrdə əhalinin məşğulluq imkanlarının xeyli artmasına şərait yaradıb: “Əgər nəzər salsaq görərik ki, cari ilin 11 ayında bu 7 rayon üzrə məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayı da 43 faiz azalıb. Həmçinin aktiv məşğulluq tədbirlərinin davamı olaraq, bu ilin yanvar-noyabr aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə həmin rayonlar üzrə 2 210 nəfər münasib iş yerləri ilə təmin olunub, 183 nəfər ödənişli ictimai işlərə, 68 nəfər əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Digər tərəfdən, cari ildə Kürdəmir, Ucar, Zərdab, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarında da 94 aztəminatlı ailənin özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilib. Bu aktivlər hesabına onlar ailə əməyinə əsaslanan təsərrüfatlarını yaradıblar”. İmtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə təmin olunması ilə bağlı müraciətləri cavablandıran nazir bildirib ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, ötən dövrdə ƏƏSMN-nin sifarişi ilə Kürdəmir, Ucar, Zərdab, İmişli, Beyləqan, Füzuli rayonları üzrə 52 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün fərdi yaşayış evləri tikilərək onların istifadəsinə verilib, daha 4 fərdi ev də inşa olunur. Həmçinin ötən ilin may ayında Beyləqan rayonunda yeni inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış binası respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı əlil olmuş şəxslərə və şəhid ailələrinə təqdim olunub. Hazırda İmişli rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binası da inşa olunur və yaxın vaxtlarda binanın tikintisi başa çatdırılacaq”.