Pilot ərazilərdə sağlamlıq həftələri başa çatıb (FOTO)


Digərləri 08 Dek 2017 15:21:00 245 0

Pilot ərazilərdə sağlamlıq həftələri başa çatıb (FOTO)

Mingəçevir şəhərində və Yevlax rayonunda sağlamlıq həftələri təşkil edib.

Bakı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 noyabrda hipertoniya və sağlam qidalanmaya, 20 noyabr-03 dekabr 2017-ci il tarixində isə xolesterin və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri təşkil edib. Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib. Hipertoniya və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 2804 nəfər tibbi müayinələrdən keçib və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilib. Bu həftələr müddətində 425 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib. Müraciət edən vətəndaşların 81 nəfəri 0-15 yaş, 194 nəfəri 16-25 yaş, 338 nəfəri 26-35 yaş, 402 nəfəri 36-45 yaş, 652 nəfəri 46-55 yaş, 1004 nəfəri 56-70 yaş arasında, 133 nəfəri isə 70 yaşdan yuxarı olublar. Bu həftələrdə iştirak edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 809 nəfər son 1 ay, 734 nəfər son 3 ay, 439 nəfər son 6 ay, 391 nəfəri son 1 il, 171 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 104 nəfər təşkil edib. 156 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ilə vətəndaşların müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunub. Belə ki, ümumi müraciət etmiş 2804 nəfərdən 1982 nəfəri son 6 ay ərzində müayinələrdən keçib. Müraciət etmiş 2804 nəfərdən 984 nəfərin hipertoniya xəstəsi olduğu müəyyən edilib, 226 nəfərdə isə hipertoniya xəstəliyi ilkin aşkarlanıb. Onların müvafiq müalicəyə başlanması təmin edilib.