Legioner xəstəliyi öz mənbəyini su hövzələrindən götürür


Digərləri 08 Dek 2017 05:30:00 338 1

Legioner xəstəliyi öz mənbəyini su hövzələrindən götürür

"Legioner xəstəliyi və ya legionellyoz ağır infeksion xəstəlik olub, intoksikasiya, tənəffüs, sidik-ifrazat və mərkəzi sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur," - deyə Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Qasımova AZƏRTAC-ın müxbirinə legioner xəstəliyi haqqında söhbət açır: "İnfeksiyanın əlamətləri bakteriyanın ifraz etdiyi endotoksin və çox güclü ekzotoksinlə əlaqədardır. Ətraf mühitə qarşı olduqca davamlı bakteriyalar olan legionellalar 4-25 dərəcə S-də temperaturlu suyun içərisində 4-5 ay qalır. İnfeksiyanın rezervuarı və mənbəyi durğun və şirin su hövzələrdir. Legionellalar ibtidailərin, əksər hallarda amöblərin orqanizminə daxil olaraq özlərini suyun tərkibində olan xlorun təsirindən qoruyur və 35-40 dərəcə S-də çoxalır. Olduqca yüksək uyğunlaşma qabiliyyətinə malik olduğuna görə soyuducu sistemləri, kompressorları, duz kabinələrini, hovuzları, balneoterapiya və fizioterapiya vannalarını, həmçinin fontanları çirkləndirir. Təbii obyektlərlə müqayisədə süni quraşdırılmış qurğularda daha asan çoxalır.

Legionellyozlu xəstə infeksiya mənbəyi olmadığından onunla təmas zamanı yoluxma baş vermir. İnfeksiyanın yayılmasında heyvan və quşlar da rol oynamır. Legionellyoz aerozol mexanizmi ilə yayıldığına görə yoluxma içində bakteriya saxlayan sulu hava qarışığının udulması nəticəsində baş verir. Xəstəliyin epidemik ocaqlanması çox vaxt bakteriyaların soyuducu sistemlərdə kolonizasiyası ilə əlaqədar olur. Kondisioner və ümumi duşlarda toplanan törədici onları işə salanda dərhal su damcıları ilə birlikdə havaya yayılır.

Siqaret çəkən və mütəmadi alkoqol qəbul edənlər, həmçinin immundefisit xəstəliklər, ağciyər patologiyaları və mübadilə pozulmalarından əziyyət çəkənlər infeksiyaya qarşı daha həssas olurlar. Xəstəlikdən sonra yaranan immunitetin hansı müddətdə aktiv olması məlum olmasa da, ikinci dəfə yoluxma halı müşahidə olunmayıb. Legionellyoza əsasən vaxtaşırı otel və mehmanxanalarda qalanlarda, tibb işçilərində, qocalar evlərində və psixiatrik xəstəxanaların sakinlərində təsadüf olunur".

Xəstəliyin gedişi barədə danışan həkim-infeksionist söhbətinə davam edərək deyib: "İnfeksiyanın klinik şəklinin müxtəlifliyinə görə inkubasiya müddəti də fərqli olur, gizli dövr adətən 4-7 gün davam etsə də, bəzən 2 günə qədər qısalır və ya 10 günə qədər uzanır. Əksər hallarda ağır pnevmoniya əlamətləri ilə gedən legionellyoz bəzən prodromal sindromla başlayır. Xəstələrdə başağrısı, zəiflik, iştahanın zəifləməsi, nadir hallarda diareya müşahidə olunur. Qalan hallarda xəstəlik kəskin şəkildə hərarətin həddən artıq yüksəlməsi, ağır intoksikasiya əlamətləri, titrəmə, baş, əzələ, oynaq ağrıları və tərləmə ilə başlayır. Qısa vaxtda intoksikasiya sinir sisteminə toxunur, xəstədə tormozlanma, emosional dayanıqsızlıq, sayıqlama, hallüsinasiya, bayılma və hətta huşun itməsi kimi simptomlar baş verir.

Neyrodisfunksiyalardan gözün hərəki əzələlərinin iflici, nistaqm, dizartriya və ataksiya, yəni müvazinətini saxlaya bilməmək əlamətləri nəzərə çarpır. Xəstəliyin 3-4-cü günündə əmələ gələn öskürək əvvəlcə quru xarakterdə olur, sonra isə az miqdarda selikli-irinli, bəzən də qanlı bəlğəm Xarakter əlamətlərə təngnəfəslik və sinədə ağrını da əlavə etmək olar.

Auskultasiyada ağciyərlərdə həm quru, həm də xırda qabarcıqlı yaş xırıltılar, bəzi nahiyələrdə tənəffüsün zəifləmə ocaqları müşahidə edilir. Plevrit zamanı isə plevranın sürtünmə küyü eşidilir. Xəstəlik çox ağır gedişlidir, müalicəyə çox çətin tabe olur. Çox hallarda ekssudativ plevritlər və abseslərlə ağırlaşır, infeksiya-toksiki şoka qədər ağırlaşa bilir. Bir çox hallarda tənəffüs çatışmazlığına görə xəstəni süni tənəffüs aparatına qoşmaq lazım gəlir.

Xəstəlik zamanı inkişaf edən arterial hipotenziya ürək ritminin pozulması ilə müşayiət olunur. Hər üç xəstədən birində mədə-bağırsaq simptomları, xüsusən də ishal, qarında sancı və sarılığa rast gəlinir. Legionellyozun ən kəskin ağırlaşmalarından olan böyrək çatışmazlığı əlamətləri bir neçə ay sonraya qədər davam edir.