Üç il ərzində ilk dəfə Rusiya və Ukrayna XİN başçılarının görüşü keçirilib


Dünya 08 Dek 2017 03:32:49 251 0

Üç il ərzində ilk dəfə Rusiya və Ukrayna XİN başçılarının görüşü keçirilib

Onlar görüşdə əsirlərin mübadiləsi məsələsini müzakirə ediblər

Ukrayna və Rusiyanın xarici işlər nazirləri Pavel Klimkin və Sergey Lavrov arasında son 3 ildə ilk dəfə olaraq ikitərəfli görüş keçirilib.

“Report” xəbər verir ki, Ukrayna XİN başçısı Pavel Klimkinin bildirdiyinə görə, görüşdə onlar əsirlərin mübadiləsi məsələsini müzakirə ediblər.

Nazirlərin görüşü Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.

"Rusiyanın xarici işlər naziri Lavrovla əsirlərin mübadiləsi məsələsini müzakirə etdik. Növbəti həftələrdə bu məsələdə real irəliləyişə nail olmalıyıq. Söhbət insanlardan və onların yaxınlarından gedir", — deyə Klimkin "Twitter" mikrobloqunda yazıb.

Nazir jurnalistlərlə söhbətində bildirib ki, ABŞ, Fransa, Almaniya və Ukraynanın BMT sülhməramlı missiyasının Donbassa yerləşdirilməsi üzrə birgə qətnaməsi üzərində iş davam etdirilir.

Bu, Lavrov və Klimkinin son üç ildə baş tutan ilk ikitərəfli görüşüdür. Bu günə qədər onlar yalnız "Normandiya formatı" çərçivəsində (Rusiya, Almaniya, Fransa, Ukrayna) əlaqədə olublar.