Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər Azərbaycan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanmaq üçün müraciət ediblər


Digərləri 07 Dek 2017 10:05:25 193 0

Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər Azərbaycan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanmaq üçün müraciət ediblər

Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanmaq üçün rəsmi müraciət ediblər.

Bakı. Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanmaq üçün rəsmi müraciət ediblər. Bu barədə Trend-ə Administrasiyanın Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 27 noyabr-6 dekabr tarixlərində Beynəlxalq Dəniz Təşkilatının 30-cu Assambleyasının sessiyasında iştirak edib. Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən mənzil-qərargahında keçirilən iclasda Assambleyanın prezidenti və vitse-prezidentləri seçilib, etimadnamə komitəsi və digər komitələr yaradılıb, Beynəlxalq Dəniz Təşkilatının Şurasının və digər komitələrinin 2017-ci il ərzində keçirilən sessiyalarının yekunları barədə məruzələr dinlənilib. Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017-ci ilin 28 may-6 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlamasının uğurlu nəticələri ilə bağlı Azərbaycan nümayəndə heyətinin rəhbəri Q.Qurbanov çıxış edib. Dövlət Dəniz Administrasiyasının rəisi bildirib ki, audit yoxlamanın nəticələrinə əsasən Azərbaycan Respublikası 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub. Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamasının müsbət nəticələri Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə, Azərbaycan Respublikasının bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq, yüksək səviyyədə təşkil olunması barədə fikir yürütməyə əsas verir.