"Həyatımda belə müsibət görməmişdim"


Digərləri 06 Dek 2017 12:00:00 248 0

"Həyatımda belə müsibət görməmişdim"

Travmatologiya şöbəsinin cərrahı Li Kuk Yonqun iş günü gərgin və ağır keçmişdi. Axşam saatlarında yorğunluqdan ayaq üstə güclə dayanan doktor Yonq evə getməyə hazırlaşanda qəflətən telefonu zəng çaldı.

"Şöbədə qalın, cərrahiyyə əməliyyatına hazırlaşın. ABŞ Hərbi-Hava Qüvvələrinin "Qara qırğı" helikopteri artıq yoldadır. Yaralı əsgər gətirirlər. Onu Şimali Koreya hərbçiləri güllələyiblər", - doktor Yonqa dedilər.

Son.az CNN-ə istinadən bildirir ki, Cənubi Koreyanın paytaxtı Seuldakı Aju Universitetinin nəzdindəki Travmatologiya Mərkəzində çalışan cərrah Yonq yaralı əsgər O Çon Son gətirilən kimi onu əməliyyata hazırlamağa başlayıb.

Cərrahın dediyinə görə, O Çon Sonun vəziyyəti çox ağırdı: "O, kliniki ölüm və koma vəziyyətinə yaxındı. Qan təzyiqi də həddən artıq aşağı düşmüşdü. Ümumiyyətlə, yarlı əsgər əzilmiş, sıxılmış dəmir bankaya bənzəyirdi".

24 yaşlı O Çon Son Şimali Koreya Xalq-Demokratik Respublikasının silahlı qüvvələrinin əsgəridir. O, sərhədi keçərək Cənubi Koreyaya qaçıb və bu zaman güllələnib.

Şimali və Cənubi Koreyaları ayıran sərhədi keçəndə O Çon Son 5 güllə yarası alıb.

Əsgərin sağ diz oynağında, sağ qolunun triseps əzələsində, belində, qasığında və çiynində güllə yaraları vardı. Amma problem bu yaralarla bitmirdi.

Yaralarda qalmış güllələrin çıxarıldığı 5 saatlıq əməliyyatda Li Kuk Yonq yaralı əsgərin bağırsaqlarını da əməliyyat etməli olub. Çünki güllələrdən biri bağırsağı da dəlmişdi.

Cərrah Yonq əsgərin bağırsaqlarında qurdların qaynaşdığını görüb.

"20 illik cərrah karyeramda bağırsaqda bu qədər qurd görməmişdim. Güllənin dəldiyi bağırsağı tikəndə oradakı qurdları dartıb çıxarmalı oldum. Yoğun, ağ rəngli qurdlar qan içində qıvrılırdılar", - Yonq deyib.

Qurdların bəziləri 27 sm uzunluqdadır.

Cərrahın dediyinə görə, əsgərin vəziyyəti həddən ziyadə ağır olduğundan Onun əməliyyat zamanı öləcəyindən qorxub.


Xəbərə aid fotolar