Əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edilib


Digərləri 06 Dek 2017 11:16:00 211 0

Əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edilib

Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib.

Bakı. Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib. Ötən ay bu e-xidmətlərə müraciətlərin sayı 13,2 faiz artıb. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası olaraq, son illərdə aparılan sistem xarakterli islahatlar əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış infrastrukturun formalaşmasına və bu əsasda həmin sahələr üzrə 30-a yaxın elektron xidmətin əhalinin istifadəsinə verilməsinə səbəb olub. Əmək və sosial müdafiə sahələri üzrə dövlət xidmətlərinin vətəndaşlara müasir əsaslar üzərində, məmur-vətəndaş kontaktları olmadan şəffaf şəkildə təqdim olunmasına, əhalinin aidiyyəti qruplarına əlçatanlığının təmin edilməsinə imkan verən bu e-xidmətlərdən istifadə statistikası da getdikcə artır. Bunun növbəti göstəricisi kimi, 2017-ci ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 644 710 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çoxdur. O cümlədən, ötən ay müraciətlərin sayı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti üzrə 31,8 faiz artaraq 250 557-yə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti üzrə 50 faiz artaraq 20 311-ə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidməti üzrə 13,8 faiz artaraq 27 496-ya, “Sığortaolunanın onlayn uçota alınması” e-xidməti üzrə 57 faiz artaraq 18 941-ə çatıb.