İlahi rəhmətə çatmaq üçün lazım olan 3 addım


Digərləri 05 Dek 2017 22:40:00 314 0

İlahi rəhmətə çatmaq üçün lazım olan 3 addım

"Zumər" surəsində insanın İlahi rəhmətə çatması üçün üç addıma ehtiyacı olduğu bəyan edilmişdir. Belə ki, Quran buyurur: "Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun.

Özünüzün də xəbəriniz olmadan qəfil əzab sizə yetişməmişdən öncə Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl şeylərə (əqidə və əməl barəsindəki vacibata və mənəvi fəzilətlərə) tabe olun". ("Zumər" 54-55).   Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayələrdə insana lazım olan üç addım bunlardır: Birinci addım: günahlara görə peşman olub, Allaha tərəf qayıtmaq və tövbə etmək. Allah buyurur ki, Mənim rəhmətimə qovuşmaq üçün ilk olaraq yolunu pisliklərdən təmizləməlisən və pak halda Mənə tərəf irəliləməlisən. Tövbə sənin pis əməllərini islah edəcəkdir.   İkinci addım: iman gətirmək və Allahın əmrlərinə itaət etmək. Allaha iman gətirmək insanın öz həqiqətinə qovuşması deməkdir. İnsan bu dünyaya Allahı tanımaq və Onun əmrlərinə itaət etmək üçün  gəlmişdir. Gəlmişdir ki, iman və təqvası sayəsində imtahanlardan keçib, Allahı daha yaxından tanısın, Onu dərk etsin. Ancaq iman və təqva onu Allaha yaxınlaşdıra bilər. Bu həqiqəti isə məhz dünyada təcrübədən keçirər.   Üçüncü addım: saleh əməl. Yuxarıdakı iki addımı atandan sonra insan üçüncü mərhələyə daxil olar. Əməl və iman - insanı behiştə uçaracaq iki qanaddır ki, bu qanadların hər ikisinin də olması zəruridir. Necə ki, Quran da bu həqiqəti təsdiq edir: "Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl şeylərə (əqidə və əməl barəsindəki vacibata və mənəvi fəzilətlərə) tabe olun".   Beləliklə deyə bilərik ki, hər kim bu dünyada İlahi rəhməti özünə tərəf cəlb etmək istəyirsə və axirətdə də Allahın behiştində yerləşmək istəyirsə, gərək bu üç addıma mütləq riayət etsin və onları ən gözəl şəkildə yerinə yetirsin.