23cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı


Digərləri 04 Dek 2017 13:55:00 253 0

23cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı

5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "Bakutel-2017" sərgi-konfransı keçiriləcək və beləliklə də "Yüksək Texnologiyalar Həftəsi"nə start veriləcəkdir. Bu gün "Bakutel" çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də İKT-nin  müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumat mübadiləsi və emalı məqsədi ilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin "Bakutel" sərgisini ziyarət etməsi artıq bir ənənəyə çevrilib. "Bakutel" sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi "Bakutel" sərgisinin beynəlxalq nüfuzundan xəbər verir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir.

Bu ilki sərgi dünyanın 20 ölkəsini təmsil edən 192 şirkəti bir araya toplayır. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. Tədbir iştirakçılarının 40 faizini "Bakutel" sərgisinin daimi eksponentləri təşkil edir. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər. Sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında BMC Software, Hikvision, Qmatic, Nexus Telecom və digər yerli şirkətlər var. 20 ildən artıq müddət ərzində tədbirin iştirakçısı olmuş "Azercell" şirkəti "Bakutel" sərgisinin baş sponsoru qismində çıxış edir.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunması "Bakutel" sərgisinin ənənəsinə çevrilib. Bu il dünyanın 10 ölkəsi - Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.

Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, "Elektron hökumət" və "Elektron imza" infrastrukturu, "Data Mərkəzi"n "bulud" texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və  əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunacaq.

Ənənəvi olaraq, sərgidə bu "startap"lara böyük diqqət yetirilir. Regionun ən böyük İKT tədbirində sənaye liderləri və dövlət strukturları ilə yanaşı, iştirak etmək onların layihələrini dövlət və özəl təşkilatlar tərəfindən verilən investisiyaları almaq üçün təqdim etməyə unikal fürsət yaradır. Ümumilikdə, sərgi çərçivəsində 20 məhsul təqdim olunacaq. Bu məhsullar arasında düz qamətin formalaşdırılmasına kömək edən "Spinal" qurğusu və mobil tətbiqi, Azərbaycan apteklərində lazımı dərman preparatını asanlıqla və istənilən vaxt tapmaq üçün "Tabletka.az" tətbiqi, Azərbaycanda ilk və yeganə ekoloji təmiz "VeloKuryer" kuryer şirkəti, əl ilə çəkilmiş istənilən eskizi smartfona göndərən və müvəqqəti mürəkkəbi olan "Wand" qələmi, eləcə də milli komiks, oyuncaq, animasiya və vətənpərvərlik ruhunda videoların hazırlanması istiqamətində iş aparan "İRS Cizgi" komandasının məhsulları yer alır.

Dörd gün davam edən sərgi yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər təklif olunacaq.

Ənənəvi olaraq, sərgini xarici mütəxəssislər, İKT qurumların rəhbərləri ziyarət edirlər. Bu il sərginin şərfəli qonaqları arasında: Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhao, Regional Rabitə Birliyin baş direktoru Nurudin Muhitdinov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Halil İbrahim Akca, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mohammad-Cavad Azari Jahromi, Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforov, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslan, Qazaxıstan Respublikasının İnformasiya və Rabitə Nazirliyinin Telekommunikasiya üzrə Komitəsinin sədri Adil Kozhikhov, Belarus Respublikasının rabitə və  informasiyalaşdırma nazirinin müavini Anna Rabava, Əfqanıstan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Mohammad Hadi Hedayati, Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin (TRA) baş direktoru Hamad Al Mansoori, "İntersputnik"in baş direktoru Vadim Belov və digərləri yer alır.

İçgüzar proqram