Cianni Bardazzi Bakı Ali Neft Məktəbində masterklass keçdi


Digərləri 01 Dek 2017 10:40:00 242 0

Cianni Bardazzi Bakı Ali Neft Məktəbində masterklass keçdi

İtaliyanın Maire Tecnimont Group şirkətinin Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Cianni Bardazzi Bakı Ali Neft Məktəbində (BANM) "Texnoloji innovasiya, biznes və liderlik" mövzusunda master-klass keçib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Kinetics Tecnology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, Region üzrə biznes mütəxəssis Alessia Mangiapane, BANM-in artıq Kinetics Tecnology şirkətinin əməkdaşları olan məzunları, eyni zamanda şirkətdə hazırda təcrübə proqramı keçən tələbələri və Ali Məktəbin tələbə heyəti iştirak edib.

Son.az xəbər verir ki, rektor Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq, onlara cənab Bardazzini BANM-in yaxın dostu kimi təqdim edib və Ali Məktəbin məzunlarına Maire Tecnimont Group tərəfindən verilən üstünlük və tələbələrinə yaradılan təcrübə proqramına görə Cianni Bardazziyə dərin təşəkkürünü bildirib. Rektor əminliklə qeyd edib ki, BANM-in tələbələri cənab Bardazzinin və eyni zamanda Kinetics Tecnology şirkətinin etimadını doğruldacaqlar.

Master-klassda olduqca maraqlı mövzulara toxunan cənab Bardazzi texnologiya və innovasiyanın yaranma mənbələrindən, sürətli inkişafından, yeni ideyaların formalaşması, tətbiq olunması və biznes planlamasının aparılmasından danışıb, həmçinin nümunələrlə mövzuya aydınlıq gətirib.

Təbii ki, BANM tələbələrinin böyük maraq bəslədiyi mövzu - Liderlik haqda danışılmaya bilməzdi. Cənab Bardazzi tələbələrə liderlik anlayışından, əsl liderin xüsusiyyətlərindən və daxili keyfiyyətlərindən söhbət açıb.