Zərrab məsələsi hətta Fətullah Güləni də arxada qoydu FOTO


Dünya 28 Noy 2017 16:36:00 306 0

Zərrab məsələsi hətta Fətullah Güləni də arxada qoydu  FOTO

İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozmaqda və bu ölkəyə aid on milyardlarla dollar pulu qurama şirkətlər üzərindən, yaxud nəğd şəkildə daşımaqda ittiham olunaraq ABŞ-da həbs edilən İran azərbaycanlısı Rza Zərrabın istintaqla anlaşaraq Türkiyə rəhbərliyi əleyhinə ifadələr verdiyinə dair şübhələr artır.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, hazırda Federal Təhqiqatlar Bürosunun nəzarətində saxlanılan, ancaq həbsxanadan çıxarıldığı təxmin edilən iranlı qızıl tacirinin bu həftə keçiriləcək məhkəmə dinləməsinə qatılmayacağı dəqiqləşib. Bu haqda "Reuters" bildirir.

34 yaşlı Zərrab iki aylıq istintaqın ardınca məhkəmədə görünmür və Türkiyənin baş naziri Binəli Yıldırım belə bir nəticəyə gəlib ki, iranlı tacir ABŞ hakimiyyət orqanları ilə sövdələşməyə girib.

Zərrab və Türkiyənin keçmiş iqtisadiyyat naziri, habelə Türkiyənin dövlət bankı olan "Halkbank"ın üç icraçı direktoru da daxili daha 8 nəfərə qarşı 2010-2015-ci illərdə İran hökuməti və İran şirkətlərinin ABŞ sanksiyalarından yan keçə bilməsi üçün yüz milyonlarla dollarlıq tranşlarda iştiraka görə ittiham irəli sürülüb. Prokurorlar bildirirlər ki, müttəhimlər İrana və İran vahidlərinə qızıl və valyutanın köçürülməsində və bəzən bu tranşların guya əmtəə alışi kimi formallaşdırılmasında iştirak ediblər.

Hələlik ABŞ hakimiyyət orqanları yalnız Zərrabı və "Halkbank"ın icraçı direktorlarından biri olan Mehmet Hakan Atillanı həbs ediblər.

Nyu-Yorkun Manhetten dairə məhkəməsinin hakimi Riçard Berman noyabrın 27-də andlılara bildirib ki, 47 yaşlı Hakan Atilla bu məhkəmədə mühakimə edilən yeganə şəxs olacaq. Məhkəmə dinləmələrinə andlıların heyəti tam formalaşandan sonra başlanacaq və proses təxminən 3-4 həftə çəkəcək. Zərrabın vəkili Benjamin Brafman onun müştərsinin niyə məhkəmədə olmadığına dair suallara cavab verməyib.

Bu məsələ Türkiyədə çox həssaslıqla qəbul edilir, çünki prokurorlar Türkiyənin keçmiş iqtisadiyyat naziri Zafer Çağlayanın bu işdə iştirak etdiyini bildirirlər. Çağlayan ittihamları rədd edir. Türkiyə hökuməti bildirir ki, bu iş siyasi motivlərlə qondarılıb. Eyni zamanda bu məsələ NATO-nun iki üzvü - Türkiyə və ABŞ arasındakı münasibətləri gərginləşdirib. Proseslə əlaqədar investorların Türkiyəyə marağı soyuyub və nəticədə milli valyuta lirənin məzənnəsi rekord səviyyəyə enib.

Prokurorlar dörd həftə bundan əvvəl hazırladıqları sənəddə bildirirdilər ki, Zərrab onlara iddia edilən İran sxemi ilə əlaqədar birbaşa Ərdoğanla danışdığını deyib. ABŞ-ın NBC telekanalının saytındakı məqalədə deyilir ki, Zərrab bu məhkəmə işi üzrə şahidlərin siyahısına daxil edilib.

"Financial Times" yazır ki, Rza Zərrabla bağlı məsələnin ciddiliyi Türkiyə hökumətini hətta Gülən məsələsini də unutmağa məcbur edib. Çünki məhkəmə prosesində Ərdoğanın yaxın çevrəsinə daxil adamların danışıqları olan lentlər də açılana bilər. Adının çəkilməsini istəməyən bir Ankara rəsmisi deyib ki, "bu çox ciddi məsələdir"."Biz ABŞ-la bir problemi həll etməmiş üç yeni problem yaranır" -rəsmi deyib.