"Bizi xarici qonaqların yanında rüsvay edirlər" Nazirlik rəsmisi FOTO


Digərləri 27 Noy 2017 18:24:00 318 0

"Bizi xarici qonaqların yanında rüsvay edirlər"  Nazirlik rəsmisi  FOTO

Son.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin AZƏRTAC-a verdiyi müsahibəni təqdim edir: 

- Ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması ilə bağlı yoxlamaların ardınca meşə fondu torpaqlarından istifadə vəziyyəti də araşdırılır. Bu hansı zərurətdən irəli gəlib?

- Əksər hallarda meşə fondu ərazisində olan iaşə obyektləri kənardan gözəllik, zövq yaratmaq əvəzinə, əksinə öz natəmizliyi, zövqsüzlüyü və meşə torpağının aşırı istismarı ilə insanlarda ikrah hissi yaradır. Bunları görənlər isə iaşə obyektlərinin sahiblərini deyil, haqsız olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyini qınayır. Xüsusi komissiya tərəfindən meşə fondu ərazilərində torpaqdan istifadə vəziyyəti ilə əlaqədar araşdırmalar aparılır. Belə ki, bir sıra obyekt sahibləri tərəfindən müqavilə şərtləri pozularaq əsaslı tikililərin aparıldığı və primitiv üsulla qanunsuz salınmış tikililər, estetik tələblərə cavab verməyən obyektlər sökülür. Ərazinin əvvəlki vəziyyətinə gətirilməsi üçün tədbirlər görülür.

- Bu istiqamətdə aparılan araşdırmaların nəticəsi məlumdurmu?

-  Artıq araşdırmalara Quba rayonundan başlanılıb. Məsələn, Quba rayonunda Quba-Qəçrəş yolunun kənarında meşə fondu torpağında zövqsüz tikililər, üfunət iyi verən primitiv sanitar qovşaqları tikiblər. Xarici qonaqlar, turistlər, hamı bu xoşagəlməz mənzərəni görür və onların haqlı narazılığına səbəb olur, bu barədə nazirliyə çoxsaylı şikayətlər daxil olur. Əlbəttə ki, bu cür vəziyyət yaratmaqla obyekt sahibləri təbiətə münasibətdə pis fikir formalaşdırır və bununla da ölkəni, hamımızı gələn xarici qonaqların yanında rüsvay edirlər. Qəçrəş yolunun kənarında fəaliyyət göstərən istirahət-rekreasiya məqsədilə müqavilə əsasında müvəqqəti istifadəyə verilmiş meşə fondu torpaqlarında 9 obyektdə araşdırma başa çatdırılıb, bu obyektlərdə müqavilə şərtlərinə zidd olaraq əsaslı tikintilərin, o cümlədən primitiv üsulla inşa edilmiş mətbəx, talvar, sanitar qovşağı, köşk və digər tikililərin olduğu, ekoloji və sanitar qaydalara riayət olunmadığı aşkar edilib. Eyni zamanda, çınqıl, daş, asfalt, beton örtüklərlə meşə torpağının örtülməsi torpağın üst qatının dəyişdirilməsinə, rekreasiya yükünün normadan artıq olmasına, təbii bərpa prosesinin qarşısının alınmasına gətirib çıxarıb. Həmçinin formalaşan tullantı sularının təmizlənmədən birbaşa meşə sahəsinə axıdılması, ağacların qanunsuz olaraq kəsilməsi, məişət tullantılarının qalaqlanması faktları da vardır. Bəzi hallarda isə müqavilə müddətinin bitməsinə baxmayaraq icarədarlar meşə ərazisindən çıxmaq istəmir, torpaqdan "beşəlli" yapışır, deyir ki, bu ərazi mənimdir.

Bütün bunlarla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yarandığından həmin obyektlərdə söküntü işlərinə başlanılıb. Artıq bir sıra primitiv üsulla qanunsuz inşa edilmiş yardımçı tikililər, çardaqlar, köşklər və sanitar qovşaqları sökülüb. Eyni zamanda, obyektlərin sahiblərinə ərazilərindəki digər tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün icrası məcburi olan müddətli "məcburi göstəriş"lər verilib.

- Obyektlərin və sahiblərinin adları açıqlanacaqmı?

- Əlbəttə, bu adları ictimaiyyət də bilməlidir.

1."Xudafərin" (sahəsi 3,0 ha, müqavilə müddəti bitib) - sahibi Bakı şəhər sakini Xəlilov Elşən Nadir oğlu;

2."Xınalıq" (sahəsi 0,2 ha, zəbt 0,43 ha, müqavilə müddəti bitib) - sahibi Quba şəhər sakini Vəliyev Əli Əmir oğlu;

3."Aynur" (sahəsi 2,5 ha, zəbt 0,64 ha, müqavilə müddəti başa çatmayıb) sahibi - Quba şəhər sakini Əhmədov Heybət Məmməd oğlu;

4."Üç qardaş" (sahəsi 0,3 ha, müqavilə müddəti bitməyib) - sahibi Quba şəhər sakini Zülfüqarov Rəhim Əmir oğlu;

5."Olimp" (sahəsi 1,0 ha, müqavilə müddəti başa çatmayıb) - sahibi Quba şəhər sakini Niftəliyev Kamran;

6."Kamran" (sahəsi 0,1 ha, müqavilə müddəti bitib) - sahibi Quba şəhər sakini Ağaverdiyev Ceyhun Cavad oğlu.


Xəbərə aid fotolar