Lənkəran, Beyləqan və Sabirabadda aztəminatlı ailələr üçün meyvə bağları salınıb FOTO


Digərləri 27 Noy 2017 10:36:27 297 0

Lənkəran, Beyləqan və Sabirabadda aztəminatlı ailələr üçün meyvə bağları salınıb  FOTO

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 23-də Lənkəran, noyabrın 24-də isə Beyləqan və Sabirabad rayonlarında aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

Son.az xəbər verir ki, IDEA-dan Trend-ə verilən məlumata görə, ağacəkmə aksiyaları zamanı Lənkəranda 2 hektar ərazidə 1250 ədəd feyxoa, Beyləqanda 2 hektar ərazidə 1000 ədəd ərik, Sabirabadda isə 2 hektarda 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş və Qax rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilmişdir.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.