Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin yaradılması Azərbaycan elmimədəni düşüncəsinin ən böyük uğurlarından biridir


Digərləri 25 Noy 2017 16:06:26 247 0

Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin yaradılması Azərbaycan elmimədəni düşüncəsinin ən böyük uğurlarından biridir

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərovun "Ədəbiyyat" qəzetinin 25 noyabr tarixli nömrəsində "Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin yaradılması Azərbaycan elmi-mədəni düşüncəsinin ən böyük uğurlarından biridir" sərlövhəli məqaləsi dərc edilib.

Son.az Trend-ə istinadən məqaləni təqdim edir:

2013-cü ildə Azərbaycanın elmi-mədəni həyatında, həqiqətən, artıq tarixə yazılmış (və çox böyük gələcəyi olduğuna heç bir şübhə etmədiyimiz) bir hadisə baş verdi: dünyanın ən möhtəşəm universitetlərindən birində - Oksford Universitetində görkəmli Azərbaycan alimi, akademik Nərgiz Paşayevanın təşəbbüsü (və rəhbərliyi) ilə Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi yaradıldı. Və gələn il beş illik yubileyini qeyd edəcəyimiz Mərkəz Oksford Universitetinin tərkib hissəsi və nadir tədqiqat müəssisəsi olaraq Azərbaycan və onun elmi irsi üçün xüsusi əhəmiyyət daşıyır.

Mərkəzin rəsmi saytında deyildiyi kimi, Nizami Gəncəvi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin tək şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə, elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətinə malikdir. Və Oksford Universitetinin tərtib və təsdiq etdiyi beş illik elmi-tədqiqat proqramı ilə işləyən Mərkəz kitabların yüksək akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyazmaların öyrənilməsi, aspirant və magistrantların hazırlığı istiqamətində fəaliyyət göstərməklə yanaşı, Oksford Universitetinin qaydaları çərçivəsində mədəni-akademik layihələri də həyata keçirərək dünya elmi-intellektual birliyi ilə əlaqələr yaratmağa çalışır.

Əlbəttə, son yüz ildə Azərbaycanda həm Azərbaycan, həm də dünya elminin, mədəniyyətinin müxtəlif sahələrini, xüsusilə humanitariyanı kifayət qədər dərindən öyrənən müəssisələr, qurumlar təşəkkül tapmışdır ki, xalqımız dövlət müstəqilliyi əldə etdikdən sonra həmin müəssisələrin, qurumların fəaliyyəti xeyli dərəcədə yeni məzmun-mündəricə kəsb etməkdədir. Demokratiya, milli dəyərlərlə ümumbəşəri dəyərlərin dialektik vəhdətdə alınması, qloballaşan dünyanın çağırışlarına həssas yanaşılmaqla multikultural düşüncə prinsiplərinin rəhbər tutulması elmi-ictimai təfəkkürümüzün yüksəlişi üçün əsaslı metodoloji zəmin hazırlamışdır. Bununla belə, dünyanın böyük təcrübəyə malik universitetləri ilə yaxından əməkdaşlıq etmək, sözdə deyil, məhz işdə qabaqcıl, modern texnologiyaları mənimsəyib tətbiq eləmək, Azərbaycan həqiqətlərini bütün miqyası ilə dünyaya çatdırmaq bu gün dünənkindən daha çox tələb olunur. Ona görə də akademik Nərgiz Paşayevanın Oksford Universiteti kimi ali səviyyəli bir elm-tədris müəssisəsində Nizami Gəncəvi Mərkəzinin yaradılmasına, eləcə də ilk günlərdən başlayaraq uğurla, məhsuldar, öz fəaliyyət meydanını daha da genişləndirəcək fəaliyyət göstərməsinə nail olması elmimiz, mədəniyyətimiz üçün həm fəxrdir, həm də yaxın illərdə böyük qürur duyacağımız ciddi nailiyyətlərin mənbəyidir. Dahi Nizaminin adını daşıyan (və bu adı özünün azərbaycanşünaslıq - qafqazşünaslıq araşdırmaları fonunda, yəni bizim zəmanəmiz üçün heç də az səciyyəvi olmayan populist mülahizələr, iddialarla deyil, elmin, intellektin, sözün geniş mənasında mədəniyyətin bilavasitə təzahürünün nəticəsi olaraq dünyaya yeni müstəvidə təqdim edən!) Mərkəz bəzi bədxahların mənasız təzyiqləri, dedi-qoduları ilə üzləşsə də, öz humanist missiyasını, heç şübhəsiz, layihə gücündə həyata keçirməklə şair-mütəfəkkirin yüz illərdir ki, yaşayan, şüurlara, hisslərə get-gedə daha çox qida verən ümumbəşəri ideallarına layiq işlər görür.

Mən Nərgiz xanımın Mərkəzin açılması barədə danışarkən dediyi bir fikri xatırlatmaq istəyirəm: dünyanın ən nüfuzlu Universitetində - Oksfordda belə bir Mərkəzin yaranmasında bizə Nizami Gəncəvinin ruhu da kömək oldu! Əlbəttə, bu bir mistika deyil, ürəkdən, milli (və insani) təəssübkeşliklə, xoş məram və məqsədlə görülən hər işin arxasında mütləq müqəddəs qüvvələr dayanır. Və onlar hər cür maneələri usanmadan, pessimizmə qapılmadan, cəsarətlə dəf etməyə ruhlandırır.

Əlbəttə, akademik Nərgiz Paşayevanın şəxsində Azərbaycan elmi ictimaiyyəti Oksford Universitetində belə bir Mərkəzin açılmasında nə qədər maraqlı idisə, həmin Universitetin elmin, mədəniyyətin qədir-qiymətini dərindən bilən, yüksək qiymətləndirən intellektual mühiti, xüsusən görkəmli şərqşünasları da o qədər maraqlı olmuş, atılan addımın uğuruna, perspektivliliyinə inanmışlar. Və bu məqamda professor Edmund Hersiqin, professor Robert Hoylandın adlarını hörmətlə çəkmək lazım gəlir.

Azərbaycan, Qafqaz qədim (və zəngin) etnik, sosial, dil, din, ədəbiyyat, incəsənət və s. tarixinə görə dünyanın ən unikal məkanlarından biri olmaqla görünür, Oksford Universitetinin maraq (və tədqiqat) dairəsindən kənarda qala bilməzdi. Odur ki, Mərkəz yarandıqdan dərhal sonra müxtəlif istiqamətlərdə araşdırmalara başlanıldı ki, onların nəticələri barədə ictimaiyyətə artıq müəyyən məlumatlar verilmişdir.

Yeri gəlmişkən, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi təsis edildikdən dərhal sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Oxford Room" adlı xüsusi şöbə yaradılmışdır. Və həmin şöbə Mərkəzlə Azərbaycanda fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatların əlaqələrini təmin etmək funksiyasını həyata keçirir.

Lakin təəssüf ki, ölkəmizdə Mərkəzin ali missiyasını hələ də lazımi səviyyədə dərk etməyib, görülən işlərin tarixi dəyərini öz arşınları ilə ölçməyə cəhd göstərənlər də yox deyil... Onlar heç bir elmi əhəmiyyət daşımayan mübahisə və ya dedi-qodulara meydan açmağa çalışmaqla diqqəti mətləb-mahiyyətdən uzaqlaşdırmağa, şəxsi iddialarını bu və ya digər şəkildə təmin etməyə çalışırlar. Elmi etikanın belə bir adi prinsipini nəzərə almırlar ki, hər bir alim-tədqiqatçının hər hansı məsələdə öz fikri, mövqeyi ola bilər və heç kimin haqqı yoxdur ki, qeyri-elmi mülahizələrlə, yaxud populist təəssübkeşlik inersiyası ilə ciddi bir elmi mövqe üzərinə yerisin... Əgər Oksford Universiteti kimi möhtəşəm bir elm-tədris müəssisəsində Azərbaycanın yaratdığı Mərkəz məhz Nizami Gəncəvinin adını daşıyırsa (və buna həmin Universitetin görkəmli şərqşünasları öz xeyir-dualarını vermişlərsə!), əlavə təfərrüata, işin içindən iş çıxarmağa nə ehtiyac var? Yüz illərdir ki, dahi Nizami İran şairi olaraq tədqiq (və təqdim) olunur ki, burada da əsas sübut kimi şair-mütəfəkkirin mənsub olduğu dil-üslub ənənəsi əsas götürülür. Lakin Azərbaycan filologiyası inkişaf etdikcə Nizami yaradıcılığının türk-Azərbaycan keyfiyyətləri də ortaya çıxmaqda, öz fakt-istinadlarını formalaşdırmaqdadır... Ümumiyyətlə, nizamişünaslığın obyektiv elmi-metodoloji əsaslar üzərində inkişafı kiminsə vəcdə gəlib "mən nizamişünasam" deyə haray-həşir salmasından yox, müxtəlif (dilçilik, ədəbiyyatşünaslıq, tarix və s.) elm sahələri üzrə mütəxəssislərin Nizami irsinin tədqiqindəki əməkdaşlığından asılıdır.

Və xüsusi olaraq qeyd etmək lazımdır ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi yarandığı ilk aylardan ayrı-ayrı mövzuların araşdırılmasında belə bir beynəlxalq əməkdaşlığın sağlam əsaslarını qoymağa çalışmış və buna nail olmuşdur. Məsələn, Mərkəzin 2015-ci ildə keçirilən ilk konfransı barəsindəki məlumatda deyilir:

İyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzi, Şərqşünaslıq İnstitutu və Qədim Antik Dövr Mərkəzi ilə birgə "Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər" adlı elmi-praktik konfrans keçirilib. Nizami Gəncəvi Mərkəzinin ilk tədbirində Oksford Universiteti ilə yanaşı, Böyük Britaniyanın digər nüfuzlu təhsil ocaqlarının, eləcə də Avropanın bir sıra qabaqcıl universitetlərinin Yaxın Şərq və Qafqaz bölgəsi üzrə mütəxəssis alimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin direktorları, professorlar Robert Hoyland və Nərgiz Paşayeva konfrans iştirakçılarını salamlayıb və Mərkəzin ilk tədbirinə tanınmış nüfuzlu alimlərin böyük maraq göstərmələrini yüksək dəyərləndiriblər.

Professor Robert Hoyland tədbir iştirakçılarına Mərkəzin yaranma tarixindən danışıb və onun ərsəyə gəlməsində həmkarı professor Nərgiz Paşayevanın xüsusi əməyinin olduğunu diqqətə çatdırıb. O, konfransın əhəmiyyətini qeyd edib və Mərkəz tərəfindən görülən işlər haqqında məlumat verib.

Professor Nərgiz Paşayeva belə bir tədbirin keçirilməsindən böyük məmnunluq duyduğunu bildirib. N.Paşayeva deyib: "Artıq bir neçə ildir ki, mənim peşəkar həyatımda yeni bir mərhələ başlayıb. Bu, Oksford Universiteti ilə qurulan, rəsmi statusa malik və artıq Universitetin bir hissəsi kimi qəbul olunan Nizami Gəncəvi adına Mərkəzin yaradılmasıdır".