Hansı sosial şəbəkə, hansı məqsəd üçün daha faydalıdır?


Digərləri 21 Noy 2017 19:18:00 255 0

Hansı sosial şəbəkə, hansı məqsəd üçün daha faydalıdır?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azər Nəzərov: "Sosial şəbəkələrdə həm ünsiyyət, həm də maariflənmək üçün imkanlar varsa, bunlardan istifadə etmək lazımdır" 

Fikir veribsinizsə, bir qrup insan oturub söhbət edərkən belə, fikri telefonda, əsasən isə sosial şəbəkədə olur. Sosial şəbəkələr əslində günümüzün tələbidir və bundan qaçmaq da olmur, amma baxır necə istifadə edirsən. Hər bir işdə olduğu kimi, bunun da mənfi və müsbət tərəfləri var. Doğru istifadə etdikdə, faydası çoxdur, əks halda, sadəcə, vaxt itkisidir... Maraqlıdır, sosial şəbəkələri təyinatına uyğun olaraq necə istifadə etməliyik?

Bu mövzunun incəliklərini PR və kommunikasiya mütəxəssisi Azər Nəzərov bizimlə bölüşdü. Bildirdi ki, sosial şəbəkələr populyarlaşmağa başladıqdan sonra internetin özündə olan öncəki kommunikasiya alətlərini kölgədə qoydu: "İnsanlar əvvəllər "Hotmail mesencer" xidmətindən istifadə edirdilərsə, indi o şəbəkə yalnız uzaq xatirədir. Eyni zamanda, "Skype"dan daha geniş istifadə olunurdusa, hazırda o da öz yerini itirməkdədir. Özündən əvvəlki internet kommunikasiya alətlərini üstələyən və qabaqlayan sosial şəbəkələrə isə "Facebook", "Tvitter", "Instagram"ı misal göstərmək olar. Məhz "Facebook" özündə mətn, foto, video materialların paylaşılması ilə yanaşı, audio zəng, video zəng, canlı yayım kimi bir çox yeni funksiyaları da cəmləyib.

Texniki olaraq isə sosial şəbəkələr iki tipə bölünür: horizontal və vertikal olanlar. Horizontal olan sosial şəbəkələrdə insanlar xüsusi ortaq maraq dairəsi olmadan toplaşırlar, ünsiyyət qururlar, tanış olurlar. Məsələn, "Facebook"da bir-birindən fərqli maraq dairələri olan insanlar dostlaşa bilir. Vertikal sosial şəbəkələrdə isə ierarxiya mövcuddur. İnsanların ortaq maraq dairəsi olur və öz maraq dairələrinə uyğun olaraq ünsiyyətə başlayırlar. Məsələn, "Linkedin"də bir PR mütəxəssisi öz həmkarları ilə əlaqə qurur, çünki onların ortaq marağı var. Sosial şəbəkələrdə kommunikasiya barədə danışdıqda isə 2 növə bölməliyik: birinci fiziki, individual şəxslərin kommunikasiyası, ikinci isə korporativ kommunikasiya. Bu sosial şəbəkələrin demək olar ki, hər birini, hər iki məqsəd üçün də istifadə etmək olur".