Ağdaş və Qaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb FOTO


Digərləri 20 Noy 2017 19:13:00 424 0

Ağdaş və Qaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb  FOTO

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 17-də Ağdaş və Qax rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

Son.az bildirir ki, IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, ağacəkmə aksiyaları zamanı Ağdaşda 2 hektar ərazidə 1000 ədəd nar, Qaxda isə 2 hektarda 1248 ədəd fındıq ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması noyabr ayı ərzində Lənkəran, Sabirabad, Beyləqan rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil ediləcək. Layihənin ilkin mərhələsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla ümumilikdə 9000-ə yaxın meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Sözügedən layihə çərçivəsində artıq 6000-dən çox meyvə ağacı əkilib.