5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə hökm oxunacaq


Digərləri 20 Noy 2017 17:40:00 296 0

5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə hökm oxunacaq

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunan Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Vəkil təqsirləndirilən şəxsə bəraət istəyib.

Fasilədən sonra son söz deyən təqsirləndirilən şəxs E.Aslanov bildirib ki, hadisədə heç bir günahı yoxdur və o şərlənərək həbs edilib.

Son sözdən sonra məhkəmə hökm çıxarmaq üçün müşavirəyə yollanıb.

Noyabrın 21-də təqsirləndirilən şəxsə hökm oxunacaq.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs E.Aslanova 10 il cəza istəyib.

İttihama görə, ötən il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil rayonun Parakənd qəsəbə sakini Eldar Aslanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.