Dünyanın ən çox səyahət edən insanlarını tanıyın FOTO


Digərləri 16 Noy 2017 21:34:00 334 0

Dünyanın ən çox səyahət edən insanlarını tanıyın  FOTO

Səyahətçilərin Yüzillik Klubu (The Travelers' Century Club - TCC) dünyanın ən çox səyahət edən insanlarını birləşdirir. Bəs klubu davamlı edən nədir?

79 yaşlı Bill Ashley hələ də ilk coğrafiya dərsini xatırlayır.

1940-cı illərdə Şimali Carolinada 4-cü sinifdə oxuyurmuş. Şagirdlərin çoxu üçün dərs "o qədər cansıxıcı olubmuş ki, bəziləri yatıbmış".

Bill isə özünü başqa cür hiss edirmiş.

"Çox həyəcanlı idim," o deyir.

"Bütün o yerlərə getmək istəyirdim."

Amma demək, etməkdən daha asandır.

Dr. Bill Ashley və "dünya bayraqları" qalstuku

Bill-in ailəsi kasıb olub. Onlar tütün sahəsində yerləşən və elektriki olmayan kiçik bir evdə yaşayırmışlar. Suyu isə yaxınlıqdakı bulaqdan götürürmüşlər.

Təhsilini kollecdə davam etdirmək istəyən Bill-in valideynlərinin buna imkanı olmayıb.

Təqaüd - və yayda tütün yığma işindən qazandığı gəlirlə - o kollecə qəbul olur. Bill müəllim olur və 1962-ci ilin yayında ilk dəfə xarici səfərə çıxır.

Həmin coğrafiya dərsindən cəmi 15 il keçmişdi.

Bankdan götürdüyü 600 dollar borca başa gələn səyahət onun Londondan başlayaraq Pisanın Maili Qalasına qədər uzanan Avropa boyu gəzməsinə bəs edir. O vaxtdan bəri Bill demək olar ki, dünyanın bütün ölkələrində olub.

Bil-in Şimali Carolinadakı kiçik sinif otağında tutulduğu xəstəlik yetmiş ildir ki, onu tərk etməyib.

Bill TCC siyahısında yer alan 325 yerdən 259-da olub. O, Kenya üzərində hava şarı ilə səyahət edib və "Kəşmirə 6000 km dırmanıb".

Təqaüddə olan bir müəllim üçün mükəmməl göstəricidir.

"Hər şey insanın həyatda nəyə üstünlük verdiyindən asılıdır," o deyir.

"Bəzi insanlar maşınlarını iki ildən bir dəyişməyə üstünlük verirlər. Mən isə 34 ilik maşınımı aprel ayında satdım."

"Pulumu səyahət üçün yığıram. Hər səhər Starbucks-a gedib, qəhvəyə 4 dollar xərcləmək məcburiyyətində deyiləm."

O, gələn il Şimal Qütbünə getməyi planlaşdırır. Bundan əvvəl isə Kolumbiyaya üz tutacaq. 260-cı yer çox güman ki, Karib adalarında Kolumbiya arxipelaqı San Andres və Providencia olacaq.

"Bir dostumla biz oraya Cartagenadan uçmağı düşünürük" o deyir.

Bəs o, nə üçün səyahət edir? Yeni yerlər görmək üçün, yoxsa siyahını tamamlamaq üçün?

"Hərəsindən bir az," o etiraf edir.

TCC deyir ki, bəzi insanlar "ad olsun deyə" buraya qoşurlar. Amma onların şüarı son dərəcə nəcib səslənir: "Dünya səyahəti: anlayış yolu ilə sülhə aparan pasport."

Bill, səyahətin şəxsi fayda ilə yanaşı qlobal xeyrinə də inanır.

"Dünyanı tapdığınızdakından daha yaxşı halda tərk etdiyinizi hiss etmək lazımdır", o deyir.

1965-cı ilin noyabrında tərtib edilmiş TCC ölkə siyahısı

TCC siyahısını bitirmək üçün uzaq və ya təhlükəli yerlərlə səyahət etməlisən.

İngiltərənin Derbyshire əyalətindən olan 79 yaşlı Terry Wharton 1963-cü ildən ABŞ-da yaşayır. O, beş il əvvəl baş çəkdiyi Əfqanıstan və yeddi il öncə olduğu İraq da daxil olmaqla siyahıdakı 312 yerdə olub.

"Kabildə jurnalistlərin qaldığı mehmanxanaya çatmaq üçün üçqat təhlükəsizlik yoxlanışından keçməli olmuşduq," o deyir.

"Qız dostum yolboyu şəkillər çəkirdi. Təhlükəsizlik işçiləri dəli olmuşdular."

Terry və partnyoru Kabil ətrafında sərbəst gəzsələr də, İraqda onların dörd nəfərdən ibarət qrupuna mühafizə lazım olub.

"Bizim sürücümüz, keşikçimiz və cangüdənimiz var idi və cangüdən silahla təchiz olunmuşdu."

Onların səfərinə Bağdad ("Daxili İşlər Nazirliyi üçün bu o qədər maraqlı gəlibmiş ki, onlar xüsusi səfər üçün muzey də açıblar") və Kürdüstan ("son dərəcə təhlükəsiz şəkildə gəzirdik") da daxil olub.

Eləcə də onlar, 2003-cü ildə Britaniya ordusunun işğaldan sonra yeridildiyi Bəsrəyə də gediblər.

"Yəqin ki, Bəsrə təhlükəsizliyin təmin olunmadığı ən pis yer idi," Terry deyir.

"Biz furqonda səyahət edirdik və işğal olunan yerlərdən keçən pəncərələrin pərdələrini çəkirdilər."


Xəbərə aid fotolar