Peşə təhsili müəssisələrinə lisenziyalar müddətsiz veriləcək


Digərləri 15 Noy 2017 16:14:00 229 0

Peşə təhsili müəssisələrinə lisenziyalar müddətsiz veriləcək

"Biz peşə təhsili müəssisələrinə lisenziyaların birdəfəlik, müddətsiz verilməsini məqsədəuyğun hesab etmişik".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, artıq bir ildən çoxdur ki, "Peşə təhsili haqqında" qanun layihəsi hazırlanır: "Peşə təhsili sanki təhsil sektorundan çıxmışdı. Artıq yeni islahatlarla bu sahə yenidən inkişaf etməyə başlayır. Biz ölkəmizdə peşə təhsili üzrə real vəziyyətin monitorinqini keçirmişik. Monitorinqlər bizə reallığı düzgün qiymətləndirməyə imkan verir. Reallıq da odur ki, bu sahə sürətlə yenilənməli, fəaliyyəti yeni dövrün standartlarına uyğunlaşdırılmalıdır. Layihə hazırlanarkən xarici ölkələrin bu sahə üzrə təcrübələri də nəzərə alınıb".

İ.Həbibbəyli bildirib ki, layihə 5 fəsil, 26 maddədən ibarətdir: "Biz ilk dəfə olaraq, peşə təhsil sisteminin təhsil sistemindəki yerini müəyyənləşdirmişik. Biz peşə təhsil ilə orta ixtisas təhsilinin inteqrasiyasını əsas götürürük. Peşə məktəbi sadəcə usta, kiçik mühəndis hazırlamır, həm də vətəndaş hazırlayır. Onun hazırladığı mütəxəssisin texniki, iqtisadi biliklərinin olması vacibdir. Amma bununla belə, onun milli dəyərlərimizə sahib çıxması, dövlətçilik ənənələrini gözləməsi də vacibdir".