"Bu günlərimdə Nahidə məni tək qoydu" Əməkdar artist illərdir dostluq etdiyi aktrisa rəfiqəsindən danışdı FOTO


Şou-biznes 13 Noy 2017 21:03:00 351 0

"Bu günlərimdə Nahidə məni tək qoydu"  Əməkdar artist illərdir dostluq etdiyi aktrisa rəfiqəsindən danışdı  FOTO

"Heç vaxt rola görə..."

Əməkdar artist Almaz Ələsgərlinin Son.az-a müsahibəsi.

- Almaz xanım, son illər sizi müğənnilikdən daha çox aktrisa kimi görürük. Olmaya həmişəlik aktrisa olmağa qərar vermisiniz?

- Bəli, uzun zamandır artıq mən həm də Musiqili Teatrda çalışıram. Buna görə özümü çox xoşbəxt hesab edirəm. Teatrımızın direktoru Əliqismət Lalayevlə çalışmaqdan böyük zövq alıram. Əliqismət müəllim öz işçilərinə hər zaman hörmət və böyük sayğı göstərir. Artıq 5 tamaşada baş rolda çıxış etmişəm. Yanvar ayında, inşallah, İrana qastrol səfərinə gedəcəyik. Əslində, mən tələbəlik illərimdə bir müddət bu teatrda çalışmışam. O vaxtı Hacıbaba Bağırov, Emin Sabitoğlu və Xədicə Xasıyeva mənim oyun tərzimə heyran olmuşdular. Bu teatrda oynayanda 17 yaşım var idi. İlk tamaşam da "Nəğməli könül" də baş rol idi.

- Bəs niyə teatrı tez tərk etdiniz?

- Mənim o vaxt müğənniliyə daha çox həvəsim var idi. Mən teatrda işləyə-işləyə Vaqif Gərayzadənin ansamblında çalışırdım. 2 ildən sonra teatrı tərk edib Rəşid Behbudov adına Mahnı teatrına gəldim. Rəşid Behbudov mənim böyük müəllimim olub. Məni səhnəyə ilk dəfə o çıxarıb. Səsimi düz işlətməyimi, mikrofon tutmağımı o, mənə öyrədib. Bundan başqa mən sənətdə Yaqut Abdullayeva, Mobil Əhmədov, Məlik Dadaşov və Həsən Turabov kimi böyük ustadlardan dərs almışam. Məktəb keçmək çox gözəl şeydir. İndiki müğənnilər bir klip çəkdirirlər, deyirlər ki, biz müğənniyik. Amma bu sənətdə peşəkarlardan təhsil almaq çox önəmlidir.

- Teatrı tərk etmədən Musiqili teatrda olub, paralel müğənni də ola bilərdiniz. Onsuz da, səs olsa da, olmasa da mütləq şəkildə səhnədə oxumağa məcbur idiniz.

- Xeyr, səsin olub-olmamağıyla deyil. Əgər Musiqili teatrdasansa, səsinin olmağı mütləqdir. Teatrımızın direktoru Əliqismət müəllim səhnə üçün aktyorları bircə-bircə seçir. Bizdə elə uşaqlar var ki, vokal səsləri çox güclüdür. Səsi olmayan bir-iki qocaman sənətçi ola bilər ki, rejissor da onların başqa istedadından istifadə edir.

- Alim Qasımovla oxuduğunuz "Səni axtara, axtara" adlı duet o vaxtlar çox məşhur oldu. Niyə bu duetin ardı gəlmədi?

- Bu dueti 1987-ci ildə yazmışdıq. İdeya həmişə olduğu kimi Vaqif Gərayzadədən gəlmişdi. Bu klip o vaxtı ilk kliplərdən biri idi. Bugünkü gündə məni kim görürsə, hamı bu mahnını soruşur. Bəzən əsəbləşirəm ki, mənim bundan başqa mahnım yoxdur? Bizim Alim müəllimlə duetlərimizin olmamasına səbəb mənim sənətdə etdiyim fasilələr oldu. Alim Qasımov hazırda bütün dünyada məşhurdur. Mən fəxr edirəm ki, zamanında o cür böyük sənətkarla duet ifa etmişəm.

- Amma sənətinizdə fasilələr olsa da heç vaxt tamaşaçılar tərəfindən unudulmamısınız.

- Bəli, mən sənətdən çox gedib-gəlmişəm, amma həmişə öz yerimi tutmuşam. Sənətkarın gərək öz dəsti-xətti, səs diapozonu olsun. Səni, ilk öncə, xalqın sevməlidir. Xalq sevirsə, qalan hər şey ikinci və üçüncü plandadır.


Xəbərə aid fotolar