"Baku Shopping Festival"ın turizm sektorunda müsbət təsiri görünür


Digərləri 13 Noy 2017 12:44:48 279 0

"Baku Shopping Festival"ın turizm sektorunda müsbət təsiri görünür

Turizm üzrə 2016-cı ilin bir illik nəticəsi 2017-ci ilin 10 ayı ərzində tamamlandı

Azərbaycan turizm üzrə dinamikanı oktyabr ayında da saxlayıb. Mədəniyyət və Turizm nazirliyindən aldığımız məlumata görə, 2017-ci ilin oktyabr ayı ərzində ölkəyə gələn turistlərin sayı 204 min 686 nəfər olub ki, bu da ötən illə müqayisədə 12,9% artım deməkdir.

Nazirlik 2017-ci ilin 10 ayı ərzində ölkəyə gələn turistlərin də sayını açıqlayıb. Bildirilib ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 2 milyon 276 min 604 nəfər turist gəlib. Bu, ötən ilin 10 ayı ilə müqayisədə 20,1% artım deməkdir.

Müqayisə üçün qeyd edək ki, bütövlükdə 2016-cı ildə Azərbaycana 2.242.783 milyon nəfər turist gəlib. 2017-ci ildə isə bu göstərici 10 ay müddətində əldə edilib. Nəzərə alsaq ki, İlin tamamlanmasına qədər 2 ay qalır, onda ölkəyə gələcək turistlərin statistikası 2017-ci il üçün yüksək gösrəicilərlə müşayiət olunacaq.

Məlumat üçün bildirək ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün qəbul edilən proqramlarda istinad edilən sahələrdən biri də turizmdir.

İxtisaslaşmış turizmin yaradılması "iqtisadi inkişaf strategiyası"nda istinad edilən 11 sektordan ( 8 əsas, 3 yardımçı olmaqla) biridir. 2016-cı ildə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndə turizm üzrə "2020-ci ilədək tədbirlər planı", "2025- ci ilədək uzunmüddətli baxış" və "2025-ci ildən sonrakı dövr üçün hədəf baxış" hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun. Azərbaycan 2025-ci ilədək dünyada turistlərin ən çox üstünlük verdikləri 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialıdır.