Azərbaycanda pnevmaniya xəstəliyi çox geniş yayılıb


Digərləri 13 Noy 2017 12:15:00 277 0

Azərbaycanda pnevmaniya xəstəliyi çox geniş yayılıb

Azərbaycanda pnevmaniya (sətəlcəm) xəstəliyi çox geniş yayılıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda pnevmaniya (sətəlcəm) xəstəliyi çox geniş yayılıb. Bunun səbəbi kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsidir. Trend-in məlumatına görə, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, regionlarda bu xəstəliyin yayılmasına daha çox rast gəlinir. N.Fərəcova əlavə edib ki, Azərbaycanda qadınlar arasında pnevmaniyanın yayılması narahatedici səviyyədə deyil. O, Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmaniyaya rast gəlindiyini söyləyib. N.Fərəcova deyib ki, ümumilikdə kəskin pnevmaniya ilə xəstələnmə və ondan ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur: "Kəskin pnevmaniya ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur. Kəskin pnevmaniya uşaqlarda, ahıl insanlarda daha ağır formada keçir. Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin üstünlük təşkil etməsi ilə əlaqədardır. Ölüm səbəblərinə kəskin pnevmaniya ürək-damar, onkoloji xəstəliklərdə, zədələrdən sonra 4-cü yerdə dayanır. Mikoplazma pnevmaniya və xlamidiya pnevmoniya daha çox cavanlar arasında rast gəlinir". O qeyd edib ki, ocaqlı pnevmaniya 1-2 seqment daxilində lokal bronxit yaradan kəskin respirator virus infeksiyaları fonunda yaranır: "Çox iri olmayan pnevmanik və ya peribronxial infeksiya ocağının yaranması ilə müşahidə olunur. Ocaqlı pnevmaniya zamanı hərarət nadir hallarda 38 dərəcəyə qalxır. Bu xəstəlik zamanı selikli bəlğəmlə quru öskürək müşahidə olunur. Rentgen müayinədə isə ağciyərlərin ocaqlı sıxlaşması sindromu qeyd olunur. Pnevmaniyanın 4 ağırlıq - yüngül, orta-ağır, ağır, çox ağır dərəcələri mövcuddur”. N.Fərəcova qeyd edib ki, ahıl yaşlı xəstələrdə ağciyərdən kənar əlamətlər üstünlük təşkil edir: "Bu səbəbdən də belə xəstələrdə pnevmaniya diaqnozunun qoyulması yubanır və nəticədə müalicə aparılması gecikir".