Zaurla Tellinin elçilikdən qovulması, ikinci "Səmra qırğını", Hacıbaba Bağırovun "kserokopiya" aparatı


Şou-biznes 13 Noy 2017 09:15:00 300 0

Zaurla Tellinin elçilikdən qovulması, ikinci "Səmra qırğını", Hacıbaba Bağırovun "kserokopiya" aparatı

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (147-ci say) təqdim edir.

Əvvəllər telekanallar camaatı evləndirirdilər. İndi işi bir az da köklü-bünövrəli görürlər. Elçi gedirlər, "hə" alırlar. O gün də aparıcı Zaur Kamal dostu və həmyerlisi Telli Borçalıyla kürdəmirli oğlan üçün sevdiyi qıza elçi gediblər. Qız evi də gözünə dönüm, elçi gedənləri qapıdan qovub. Amma bircə şey yadlarından çıxıb. Telliyə deməyiblər ki, bala, sən nə vaxt ərə getdin, oğul-uşaq sahibi oldun ki, indi də camaata ağbirçəklik edirsən? Əslində, Telli yaşda qadınlar xüsusən kənd yerlərində ağbirçək hesab edilirlər. Amma "elçilərimi geri qaytarıram" deyib öyünən, evlənməyi özünə reklam yolu seçən bir adamın ən yaxşı aqibəti elə qapıdan qovulmaqdır. Əgər səhv deyirəmsə, Tellli Borçalı məni ikinci dəfə də məhkəməyə verə bilər. Güman edirəm ki, məhkəmə bu dəfə onun iddiasını rədd etməyəcək. Hə, Telli haqda bir xəbər də deyim, sonra keçək başqa mövzuya. Sən demə, Borçalı qızı onu qaçırtmaq istəyən oğlanın maşınını daşlayıbmış. Özü bu haqda danışıb. Rəhmətliyin nəvəsi, maşını niyə daşlayırsan? Başqa bir yol da seçə bilərdin...

Azərbaycanı "Eurovision-2018" mahnı müsabiqəsində təmsil edəcək ifaçının kimliyi müəyyənləşib. Yəqin ki, heç çoxunuza bu maraqlı da deyil. Amma 5-6 il əvvəl "Eurovision"un milli seçim turlarına qatılan iştirakçılar da az qala ulduz olurdular. Bu il ölkəmizi Aysel Məmmədova adlı gənc sənətçi təmsil edəcək. Fotolarından gəldiyim qənaət budur ki, bizi ikinci "Səmra qırğını" gözləyə bilər. Yəni, hər şeyə hazırlıqlı olun.