Şabranda antik dövrə aid maraqlı arxeoloji məlumatlar əldə olundu


Digərləri 12 Noy 2017 17:58:00 308 0

Şabranda antik dövrə aid maraqlı arxeoloji məlumatlar əldə olundu

Şabranda Aygünlü kəndi ərazisində yerləşən Çaqqallıqtəpə abidələr kompleksinə daxil Çaqqallıqtəpə I yaşayış yerində aparılan qazıntılar zamanı 4, 5 və 6-cı kvadratlardan maraqlı arxeoloji məlumatlar əldə olunub.

Son.az bildirir ki, bu barədə Trend-ə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib.

Məlumata görə, tədqiqat kvadratlarının təbəqələrində çiy kərpicdən inşa edilmiş dördkünc, dairəvi və yarımqazma tipli tikililər aşkar edilərək təbii torpaq örtüyündən təmizlənib. Tikililərin bəzilərinin mərkəzində manqal, təsərrüfat quyuları, bir və ya iki qulplu küpələrin qalıqları, bir neçə yerdə daxilində çoxsaylı çaxmaq daşı parçaları olan dairəvi oyuqlar, dairəvi ocaq yerləri müəyyən edilib. Tədqiqatlar nəticəsində əldə olunmuş arxeoloji materiallar içərisində çoxsaylı sümük məmulatları da diqqəti cəlb edir. Onların əksər qismi toxuculuqda istifadə olunmuş iynə, biz, iy başlıqlarından ibarətdir.

Aşkar edilmiş keramika məmulatı içərisində klassik Kür-Araz mədəniyyəti nümunələri ilə yanaşı, Azərbaycanın şimal-şərq bölgələri və Dağıstan ərazisi üçün xarakterik olanları da vardır. Abidədən aşkar edilən keramika məmulatlarının bəzi nümunələrinin arxaik - xalkolit (eneolit) dövrünə aid olduğu ehtimal edilir. Çaqqallıqtəpə abidələrinin daş, sümük, saxsı məmulatı Qafqazın şimal-şərq bölgəsinin ilk tunc dövrü abidələri üçün xarakterikdir.