Müasir gəncə nə lazımdır?


Digərləri 10 Noy 2017 14:40:05 230 0

Müasir gəncə nə lazımdır?

Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.

Azərbaycan gəncliyi yeni mərhələdə

Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Bu faktor isə müstəqilliyini 26 il bundan öncə bərpa edən bir respublika üçün mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.

Gəncliyin yeni strategiyası

Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir. Gənc nəslin fəaliyyətinin ana xətlərindən biri də könüllülük hərəkatı ilə bağlıdır.

2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində könüllülük daha böyük vüsət alıb. Ümumiyyətlə isə, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmaqdadır. Son illər Bakıda və regionlarda istifadəyə verilən "Gənclər ev"ləri də gənclərin maraq dairəsinin genişləndirilməsi, asudə vaxtın mənalı və səmərəli təşkilində həlledici faktor kimi çıxış edir.

İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin həyat və düşüncə tərzinə də ciddi təsir göstərir. Bu amillərin yaratdığı problemlərin müzakirəsi üçün BMT Baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilib. Ekspertlərin fikrincə, Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində təcrübə və müsbət tendensiyaların əldə edildiyinin dünya birliyi tərəfindən etirafı sayılmalıdır.

Sadalanan amilər növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, müstəqilliyin şüurlu dərk edilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər birmənalı şəkildə qeyd edirlər ki, gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirlərin altına düşməsinin qarşısını alan yeni iş metodları tətbiq edilməlidir.

Dövlət proqramının əsas hədəfləri

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı özündə bütün bu məqsədlərə çatmağın əsas hədəflərini ehtiva edir. Sənəd yeni dövrün gənclərinin fəaliyyət strategiyası da adlandırıla bilər. Proqram Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən hazırlanıb və qarşısına ciddi vəziflər qoyur. Məsələn, proqram ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək kimi məqsədlərin həyata keçirilməsini prioritet élan edir. Burada əsas vəzifələr sırasında gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği, sağlam həyat tərzi, narkomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması və digərləri göstərilə bilər.

Sənəd həmçinin gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığı və iştirakının stimullaşdırılmasını, könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsini, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsini, gənclər arasında ailə dəyərləri haqqında və erkən nikahlara qarşı profilaktik maarifləndirmə işinin gücləndirilməsini nəzərdə tutur.

Çağdaş dövrün çağırışları Azərbaycan gənci qarşısında informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, istedadlı və yaradıcı gənclərlə işi daha effektiv və ünvanlı qurmaq, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərini hazırlamaq və yayımlamaq kimi tələbləri də qoyur. Son illər aparılan tədqiqatlar göstərir ki, gənc nəsil nəinki bu hədəflərə çatmaq üçün can atır, üstəlik, yeni dövrün tələblərinə adaptasiyanı təmin edəcək qanunvericilik bazasının möhkəmləndirilməsinə yaxından dəstək verməyə hazır olduğunu bəyan edir.

Dövlət proqramının həyata keçirilməsi üzrə hazırlanan tədbirlər planında bir neçə mühüm istiqamət göstərilir. Onlardan biri və daha vacibi gənclərin vətəndaşlıq və vətənpərvər təbiyəsidir. Bu istiqamət qarşıya aşağıdakı vəzifələrin həyata keçirilməsini qoyur:

-Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi, -Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi, -Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması, -Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi, -"Gənclər Evləri"ndə interaktiv vətənpərvərlik guşələrinin yaradılması, -Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərini təbliğ edən layihələrin həyata keçirilməsi, -Milli-mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədi ilə diyarşünaslığın inkişaf etdirilməsi, -Hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif tədbirlərin keçirilməsi və s.