Dünyanın ən güclü insanları Azərbaycan polisləri imiş FOTO


Digərləri 08 Noy 2017 18:03:00 257 0

Dünyanın ən güclü insanları Azərbaycan polisləri imiş  FOTO

Azərbaycan idmançıları arasında 9 qat və 6 qat dünya çempionları var.

Moskvada pauerliftinq üzrə növbəti dünya çempionatı keçirilib. Yarışda bu idman növündə də favorit hesab olunan Azərbaycan millisi növbəti uğurunu qazanıb. Daxili İşlər Nazirliyindən (DİN) Son.az-a verilən məlumata görə, dünyanın ən güclü atletlərinin yarışında millimizin heyətində təmsil olunaraq qələbə uğrunda mübarizə aparan polis idmançılarından Samux RPŞ-nin inspektoru, polis kapitanı Rüfət Ağayev yarışın proqramına daxil olan çiyində ştanqla oturub qalxma hərəkətində 470 kq, ştanqı qurşağadək dartmaqda 340 kq, ştanqı sinədən qaldırma hərəkətində isə 280 kq-nın öhdəsindən gəlməklə çəkisi 125 kq-dək olan, xüsusi təchizatla yarışan atletlər arasında ümumilikdə 1090 kq nəticə ilə qızıl medal qazanıb. R.Ağayev bununla səkkizinci dəfə dünya çempionu adına sahib olub.

Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı Razim Hüseynov çəkisi 125 kq-dək təchizatsız yarışan idmançıların sırasında çiyində ştanqla oturub qalxma hərəkətində 345 kq, ştanqı qurşağadək dartmaqda 330 kq, ştanqı sinədən qaldırma hərəkətində isə 250 kq-ın öhdəsindən gəlməklə ümumilikdə 925 kq nəticə ilə millimizin medal mücrüsünə daha bir qızıl medal əlavə edərək dünya çempionu adını qazanıb.

İsmayıllı RPŞ-nin polis nəfəri, polis baş serjantı Kamil Qafarov çempionatda "bench press" - ştanqı sinədən qaldırma hərəkətində gücünü sınayıb. Çəkisi 90 kq-dək olan idmançıların mübarizəsində o, 240 kq nəticə ilə bütün rəqiblərini geridə qoyaraq altıncı dəfə dünya çempionu adını qazanıb.


Xəbərə aid fotolar