Sevgililərini intihara aparan qadın


Digərləri 07 Noy 2017 23:12:00 245 0

Sevgililərini intihara aparan qadın

Dalida (əsl adı İolanda Kristina Cilyotti) 20-ci əsrin böyük müğənnilərindən biridir. Son.az axşam.az-a istinadən bildirir ki, milliyyətcə italyan olsa da, Misirdə doğulub-böyümüş, həyatının böyük bir hissəsini isə Fransada keçirmişdir. 500-ə yaxın mahnısını fransız dilində, 200-ə yaxın mahnısını doğma italyan dilində, 200-ə yaxın mahnısını isə digər 8 dildə - alman, ərəb, ingilis, ispan, yapon, ivrit, yunan, flamand dillərində ifa edib. Dalidanın bütün dünyada 130 milyondan çox səs yazısı satılıb. 2008-ci ildə Fransanın "Encyclopaedia Universalis" elmi nəşri fransız cəmiyyətinə daha çox təsiri olan şəxsiyyətlərlə bağlı sorğu keçirib. Səsvermənin nəticələrinə görə, Dalida yalnız Şarl de Qolldan geri qalaraq ikinci yeri tutub...

Bütün bunlar dünyanın əsl ulduzunun adi qısa avtobioqrafik məlumatının bir hissəsi idi. Dalida isə həm qadın, həm də məşhur biri kimi elə də asan tale yaşamayıb. Onun həyatındakı faciələr bir insanın dözə biləcəyi çəkidə olmayıb və elə Dalida özü də sonda başına gələnlərlə barışa bilməyərək, taleyindəki faciələrdən yorularaq səssiz-sədasız intihar edib. Hardan biləydi ki, özünə seçdiyi Dalida ("bədbəxtlik gətirən qadın") adı, doğrudan da, onu sevən hər kəsə bədbəxtlik gətirəcək və o, sevdiklərinin ölümündə özünü günahkar biləcək?.. Haqqında çəkilmiş sənədli filmlərin birində, "Dalida" adının ona Misir ehramlarını ziyarəti zamanı Nefertitinin pıçıldadığı deyilir. Üstəlik, "Bu adı götürsən, çox məşhur biri olacaqsan, ancaq səni sevən kişilərin hamısı öləcək" xəbərdarlığı edilir və İolanda sonradan peşman olacağı bu şərtlə razılaşır...

Bəxtsiz doğulan körpə - İolanda 

İolandanın işsiz babası Cüzeppe Cilyotti XX əsrin əvvəlində iş tapmaq üçün İtaliyadan Qahirəyə köçür. Ona görə Misir ki, Kalabriyaya yaxın idi və yollar ucuz başa gəlirdi. Cüzeppe dərzilik edir, paltarlarını satırdı. Aikləsi kasıb, ehtiyac içində yaşayırdı. 40 yaşında dünyadan köçən Cüzeppenin oğlu Pyetro böyüyəndən sonra operada işə düzəlir. O, skripka çalırdı. Daha sonra Cüzeppina ilə evlənir və bu nikahdan onların 3 uşağı dünyaya gəlir: Orlando, İolanda və Bruno. 

İolanda 17 yanvar 1933-cü ildə anadan olub. Qardaşlarından çox fərqlənirdi. Onun həyatla mübarizəsi elə anadan olduğu gündən başlayır. Çətin keçən doğuş zamanı körpə gömgöy doğulur. Onu dərhal xaç suyuna salırlar ki, qızcığaz ölə bilər.

İolanda 10 aylıq ikən gözünə infeksiya düşür və valideynləri bundan o qədər də narahat olmayaraq onu yerli həkimə göstərirlər. Oftalmoloq bunu "adi göz infeksiyası" adlandıraraq uşağın gözünü 40 gün sarğıda saxlamağı məsləhət görür. Üstəlik infeksiyanın İolandanın gözünə Misirin küləkli, tozlu havasından düşə biləcəyini deyir. Balaca qızcığaz başa düşmür ki, niyə hər gün qaranlıq olur və o bu qaranlıqdan xilas olmaq üçün tez-tez gözündəki qara sarğını açır. Ancaq Cüzeppina qızının bu inadkarlığına mane olaraq sarğını yenidən onun gözlərinə bağlayır. İş o yerə çatır ki, hətta İolandanın əl-qolunu bağlamalı olur. Atası isə 10 aylıq qızını bu sözlərlə təsəlli edirdi: "Bu sarğı sənin gözəl görünməyin üçündür. Misir kraliçası Nefertiti kimi gözəl gözlərin olsun deyədir". 40-cı gün sarğını açırlar. Sınaq müddəti qurtarır. İolandanın anası sevincindən əsə-əsə sarğını qızının gözündən açır və dəhşətli mənzərə ilə qarşılaşır: infeksiya daha artıq yayılmışdı və İolandanın gözü irinlə dolu idi. Göz siniri işığa can ataraq burun nahiyyəsinə doğru gəlir və bu isə çəpgözlüyə səbəb olur. Körpə bərbad hala düşmüşdü. Dərddən ağlını itirən Pyetro küçəyə qaçır. O, həkimin adını qışqıraraq onu öldürməklə hədələyir. Donub qalmış Cüzeppina isə ağlayan qızını çiyninə sıxmışdı. Uzun müddət gözlənilən işıq İolandaya bəla gətirmişdi. Bir neçə gün sonra gözlərdən biri normal vəziyyətinə qayıtsa da, digəri hər zaman çəpgöz olaraq qaldı. Kəskin ağrılar uşaqda tez-tez başağrılarına gətirib çıxarırdı. Yerli həkim isə günahını boynuna almaqla kifayətlənmişdi. Valideynləri onu inandıqları mütəxəssisə göstərirlər. Əməliyyat yalnız İolandanın 18 ayında mümkün olur. Bu vaxt gözlərin reaksiyasının normal olduğu deyilir. İlk əməliyyat 18 ayında keçirilsə də, ikinci əməliyyatı İolandanın 4 yaşında etmək mümkün olur. Qızcığaz yandırıcı Misir günəşindən qorunmaq üçün iri eynək taxmalı olur. Məktəbdə sinif yoldaşları ona "dördgöz" deyərək lağ edirlər. Aktrisa olmaq istəyən İolanda bu lağlağılara dözməyərək 13 yaşında eynəyini pəncərədən tulayır. O, çirkin ördək balasından məftunedici gənc qıza çevrilir. O, ərəblərin, fransız və ingilislərin oxuduğu katolik məktəbində təhsil alır və Bibliya süjetləri əsasında qoyulmuş məktəb tamaşalarında oynayırdı. Bununla da ilk aktrisalıq məharətini nümayiş etdirirdi. 

İolandanın 12 yaşı olanda 41 yaşlı atası müharibə zamanı əsir düşdüyü və ingilislərin sürgün etdiyi düşərgədə dünyasını dəyişir. 

Parisə köçən "Misir gözəli" 

İolanda 16 yaşında əczaçılıq şirkətlərinin birində katibə işləməyə məcbur olur. Lakin o, incəsənətə olan həvəsini itirmir. 1954-cü ildə İolanda "Misir gözəli" müsabiqəsində qalib olur. Onun müsabiqə üçün ölçüləri: 1 metr 68 santimetr boyu, 95-52-95 bədən quruluşu. Bu qələbədən sonra isə ona filmdə çəkilmək təklif edilir. 

İolanda aktrisa kimi fəaliyyəti üçün İncildən "yoldan çıxaran" mənasını verən "Dalila" təxəllüsünü seçir. Parisə köçdükdən sonra isə yazının əvvəlində qeyd edilən Nefertiti ilə "söhbət"dən sonra hərflərdən birini dəyişərək Dalida olur. Bu adın sehrindən İolanda sevdiyi üç kişinin (Lyüsen Moriss, Luidci Tenko, Rişar Şamfre) intiharına səbəb olur. Özü isə iki dəfə intihara cəhd edir və yalnız sonuncusunda həyatla vidalaşır. 1954-cü ildə "Misir gözəli" seçildikdən sonra Dalida Parisə yollanır. Parisdə Jan-Mermoz küçəsində yaşamağa başlayan Dalida o vaxtlar hələ bir o qədər də məşhur olmayan Alen Delonla qonşu olur. Dalida karyerasını kino aktrisası kimi davam etdirməyi düşünürdü. Ancaq tale elə gətirdi ki, o, aktrisa yox, müğənni oldu.

Dalida Rolan Berjedən ifaçılıq dərsləri alır. Rolan onu gələcəyin ulduzu kimi görür və bütün dinləmələrə gəlməsini istəyir. Gözəlliyi və istedadı ilə insanları cəzb edən İolanda ilk debütünü "Villa de Este"m klubunda edir. Cənublu gözəlliyi, aşağı plastik səsinə və coşğun temperamentinə görə onu "Qara səhləb çiçəyi", "Əsrin səsi" adlandırırlar. 

Dalida Bryuno Kokatrikslə "Avropa 1" radiostansiyasının əfsanəvi "Olimpiya" zalında təşkil etdikləri "Sabahın nömrə biri" müsabiqəsində iştirak edir. O, həmin dövrün məşhur ifaçısı Qloriya Lassonun "Cənnətdə yad" (L`inconnue au paradis) mahnısını səsləndirir. Xoşbəxt təsadüfdən Dalidanı dinləyənlər arasında "Avropa 1" radiosunun direktoru Lyüsen Morris və səsyazma studiyasının sahibi Eddi Barklay da olur. Dalidaya təklif irəli sürülür və o, ilk "Bambino" hitini səsləndirir. Sonrakı dövrlərdə hit ardınca hit yazdırır.

Dalida ilə Lyüsen Morris arasında eşq də yaşanır. 5 il nişanlı qalan cütlük 1961-ci ildə ailə qurur. Ancaq daha gec idi. Dalidanın Morrisə olan eşqi soyumağa başlamışdı və o, polyakəsilli rəssam Jan Sobeskiyə aşiq olmuşdu. Morris Dalidadan boşanmaq qərarına gəlir və müəyyən müddət onunla ünsiyyəti kəsir. Lakin tezliklə Morrislə Dalida yenidən dostlaşırlar və bu dostluq Morrisin intiharınadək davam edir. 1962-ci ildə Dalida Monmartredə özünə yeni ev alır. Əvvəllər bu evdə "Gecənin sonuna səyahət" romanını bitirmiş Lui-Ferdinand Selin yaşamışdı. Dalida sonrakı bütün həyatını bu evdə keçirir və elə burada da intihar edir. 

1965-ci ildə Dalidanın Mərakeşdəki konsertində xoşagəlməz hadisə baş verir. İsrail mahnılarının Mərakeşdə qadağan olunduğunu bilməyən Dalida "Hava maguila"nı oxuyur. Səhnəyə qalxan polis komissarı ondan konserti saxlamağı tələb edir. Zalda isə ərəblərlə yəhudilər arasında toqquşmalar başlayır. Növbəti gün Dalida polis bölməsinə çağrılır. Bu hadisə pis sonluqla nəticələnə bilərdi. Lakin Dalida bundan qonorarının bir hissəsindən imtina edib geriyə bilet almaqla xilas ola bilir. 

Dalida 1965-ci ildə Teodorakisin "Zorba rəqsi" ("La danza di Zorba") mahnısını ifa edir. Bu mahnı ona inanılmaz uğur gətirir. 

"Əlvida, sevgilim, əlvida"

1967-ci ilin yanvarında Dalida birinci və sonuncu dəfə San-Remo festivalında çıxış edir. Oxuduğu "Əlvida, sevgilim, əlvida" ("Ciao amore ciao") mahınsını Dalida ömrünün sonunadək böyük kədər və ürək ağrısı ilə ifa edəcəkdi.