Qısa müddət ərzində çəki itirmək nədən asılıdır?


Digərləri 04 Noy 2017 19:50:00 272 0

Qısa müddət ərzində çəki itirmək nədən asılıdır?

Əgər qeyri-sağlam üsulla arıqlayırsansa, qısamüddətli çəki itirmənin orqanizmə fəsadları böyükdür. Mütəxəssis tərəfindən xüsusi proqramlar vasitəsilə qısa müddət ərzində artıq çəkilərdən azad olursansa, orqanizmə ziyanı yoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri diyetoloq Leyla Zülfüqarlı deyib.

"Qısa zamanda arıqlamaq insan orqanizmindəki yağ kütləsinin çoxluğundan asılıdır. Əgər artıq yağlar varsa, tez bir zamanda köklükdən qurtulmaq olar. Bunun üçün ciddi arıqlama proqramları tətbiq edilir. Onlar vasitəsilə lazımsız yağlar parçalanır, böyrəklər və sidik kisəsi ətrafındakı faydalı yağ toxumaları isə saxlanılır. Proqramların tətbiqindən əvvəl xüsusi təhlillər aparılır, köklüyün səbəbi araşdırılır. Hər köklüyün arxasında bəzən bir xəstəlik dayanır. Pasiyentin artıqçəkili olması səbəbi öyrənildikdən sonra isə pəhriz proqramları tətbiq olunur. Pəhrizin nəticəsi olaraq pasiyentin boy və çəki indeksi nəzərə alınır. Hər bir orqanizm individualdır və fərdi yanaşma tələb edir. Bəzən pasiyent artıq çəkilərdən xilas olandan sonra yenidən təhlil apararkən onun sağaldığını da müşahidə edirik.

Artıqçəkili şəxslər arıqlamaq üçün bir sıra üsullardan istifadə edirlər - idmanla məşğul olurlar, müxtəlif preparatları, həbləri sınayırlar. Arıqladıcı vasitələr, kokteyllər və dərmanları köklükdən əziyyət çəkənlərə məsləhət görmürəm. Əgər bir insanın 5-7 kiloqram artıq çəkisi varsa, ev şəraitində idmanla məşğul olmaqla, həqiqi mütəxəssislərin media vasitəsilə tövsiyələrindən yararlanmaqla öhdəsindən gələ bilər. Lakin artıq çəki 10 kiloqramdan çoxdursa, mütəxəssisə müraciət edilməsi daha məqsədəuyğundur.

Çəkisi 175-180 kiloqramdan çox olan şəxslərin qısa zaman kəsiyində, yəni bir aya 20 kiloqram arıqlaması normaldır. Professional şəkildə 4 aya 50, 6 aya 70 kiloqram çəki atmaq qısa müddət ərzində arıqlamaq hesab olunur. Ancaq çəkisi 80 kiloqram olan bir pasiyentin bir ay ərzində 20 kiloqram itirməsi isə düzgün deyil. Ciddi arıqlama proqramlarında əzələlərin saxlanılması, gərəksiz yağların parçalanması lazımdır", - deyə həkim qeyd edib.