Bank bataqlığının ikinci dalğası başlayır


Digərləri 04 Noy 2017 11:07:00 250 0

Bank bataqlığının ikinci dalğası başlayır

Azərbaycanda problemli kreditlər məsələsi bank sistemi, əhali və biznes üçün ən böyük problemlərdən biri olmaqla, getdikcə dərinləşməkdədir. Belə ki, ölkədə qaytarılmayan kreditlərlə yanaşı, onları qaytara bilməyənlərin məhkəməyə verilməsi halları da artıb. 

Son.az xəbər verir ki, bu barədə "Yeni Müsavat"a məlumat verən hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, bankların məhkəmələrə daha çox üz tutmaları qanunvericiliyin tələbindən irəli gəlir. Mütəxəssis deyir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsinin müddəti bitdikdən bir qədər sonra bankların məhkəmədə iddia qaldırması mümkünsüz olur: "İddia müddətini itirməmək üçün banklar məcburdurlar ki, müqavilə dövrü bitən kreditlərlə bağlı məhkəməyə müraciət etsinlər. Buna görə də son aylarda belə iddiaların sayı artıb."

Ə.Həsənovun sözlərinə görə, iddia müddəti bitməyən, xüsusilə məbləği 3 min manatdan aşağı olan problemli kreditlərlə bağlı banklar məhkəməyə getməkdə maraqlı deyillər: "Bu, banklara iki baxımdan sərf etmir: işçi heyətin sayı imkan vermir, əlavə işçi götürmək isə əlavə xərclər deməkdir. Bundan başqa, banklarla məhkəmələr arasındakı münasibətlərin forması da bu prosesdə bankların xərclərini artırır. İkinci səbəb isə budur ki, banklar məhkəməyə verdikləri şəxslərin hüquqşünaslara üz tutaraq, özünü müdafiə edəcəyi, bu üzdən də məhkəmə prosesinin azı ilyarım-iki il yubanacağını bilirlər. Son vaxtlar bu sahədə çox yaxşı ixtisaslaşmış hüquqşünaslar təbəqəsi yetişib və onlar peşəkarcasına davranırlar. Bir çox hallarda isə bank prosesi udsa belə, məlum olur ki, kreditorun borcu qaytarmaq imkanı yoxdur. Bu zaman borclunun həbsi də gözlənilən effekti vermir. Buna görə də banklar çalışırlar ki, borclularla dil tapsınlar, müəyyən güzəştlər edirlər. Məsələn, hazırda banklar var ki, dollarla olan kreditləri 1.30-1.40 AZN məzənnəsi ilə manata çevirirlər. Xüsusilə borc məbləği böyük olanda banklar bilirlər ki, camaatın qaytarmaq imkanı olmayacaq onsuz da."

Borcları toplayan dövlət qurumu fırıldağı

Hüquqşünas çox maraqlı bir faktı da açıqladı: "Son həftələrdə mənə vətəndaşlardan müraciət olurdu ki, kimlərsə zəng vurub özlərini Ölkədaxili Borcların Yığılması İdarəsinin nümayəndəsi kimi təqdim edərək, onlara hədə-qorxu gəlirlər, haralarasa çağırırlar. Bu gün həmin vətəndaşlardan biri dəvəti qəbul edərək ona deyilən ünvana gedib. 9-cu mikrorayonda "Tərlan" şadlıq evinin yanında yerləşən bir ofis olub. Vətəndaş gedəndə görüb üzərində "Kollektor" yazılıb. Orada ona deyiblər ki, guya bunlar dövlət qurumudurlar, qaytarılmayan kreditlərin toplanması üçün yaradılıblar. Həmin şəxs mənimlə daim təmasda olan adamdır, qanundan da başı çıxır. Ona görə də onlara cavab verib ki, belə bir dövlət qurumu yaradılmayıb, siz yalan danışırsınız. Dediyinə görə, ofisin qarşısında xeyli sayda insan varmış - hamını qorxudub yığırlar, müxtəlif yollarla təzyiq edirlər. Bu, tamamilə qanunsuz bir fəaliyyətdir. Hətta kollektorların fəaliyyəti də qanunsuzdur."

Ə.Həsənov deyir ki, banklar "Bank sirri haqqında" qanunu pozaraq, vətəndaşların borcu barədə məlumatı müxtəlif saxta qurumlara təqdim edirlər: "Buna görə də vətəndaşlara bir daha müraciət edirəm ki, yalnız bankın nömrəsindən gələn zənglərə cavab verin."

Problemli kreditlərin real həcmi nə qədərdir?

Mütəxəssisin sözlərinə görə, problemli kreditlərin həcmi rəsmi açıqlanandan ikiqat çoxdur. Bəs banklar niyə qaytarılmasında problem yaranan kreditlərin həcmini gizlədirlər? Ə.Həsənov bunun bir neçə səbəbinin olduğunu deyir: "Əvvəla, ona görə ki, banklar problemli kreditlərin həcminə uyğun ehtiyat saxlamalıdılar. Bu ehtiyatı ayırdıqda isə bankların aktivləri azalır, bu isə Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ aktlarının və qanunvericiliyin tələblərinin pozulması deməkdir. İkincisi, problemli kreditlərin çox olması maliyyə göstəricilərini pisləşdirir ki, bu da xarici maliyyə qurumlarından kredit almanı çətinləşdirir, eyni zamanda əhalidə həmin banka etimadı zəiflədir və əmanət qoyuluşunu azaldır. Nəhayət, daha bir mühüm səbəb banklar tərəfindən böyük həcmdə kreditlərin faktiki olaraq qanunvericiliyin tələblərinə zidd, girovsuz verilmiş olmasıdır. Bildiyiniz kimi, neft gəlirlərinin axını olan dövrdə banklar vəsait əldə etməkdə heç bir çətinlik yaşamırdılar. Həm əmanətlər çox idi, həm əhali kreditləri vaxtında qaytarırdı, həm də xaricdən cüzi faizlə kreditlər cəlb edə bilirdilər. Vəsaitlərin belə bolluğu şəraitində bank sahibləri və inzibatçıları onları ələ keçirməyə başladılar. Mərkəzi Bankın həmin illərə dair məlimatlarında orta kredit faizi olaraq 10-11 faiz qeyd olunub. Halbuki reallıqda bu rəqəm 20-25 faizdən aşağı olmayıb. Bəs bu 10-11 faiz necə yaranırdı: bank sahibləri böyük həcmdə vəsaitləri əksər hallarda kağız üzərində olan biznes subyektlərinə, yaxud rüşvət müqabilində həqiqi biznes qurumlarına çox cüzi faizlə verirdilər. Həmin kreditlərin hesabına ölkədə kreditlər üzrə orta faiz dərəcəsi aşağı çıxırdı. Beləliklə də, əhali və vicdanlı sahibkarların ödədiyi yüksək faizlər hesabına yüz milyonlarla vəsaiti oğurlayıb üstünü basdıra bilirdilər. Amma 2015-ci il devalvasiyadan sonra onların vəziyyəti pisləşdi və ödənişlərdə problem yarandı, oğurluqları ört-basdır etmək mümkün olmadı".