Məhbusların qaçışı ilə bağlı Penitensiar Xidmətin 21 işçisi məsuliyyətə cəlb edildi


Digərləri 01 Noy 2017 16:34:00 335 0

Məhbusların qaçışı ilə bağlı Penitensiar Xidmətin 21 işçisi məsuliyyətə cəlb edildi

Məhbusların qaçışı ilə bağlı Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi intizam məsuliyyətinə cəlb edilib.

Son.az xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin geniş Kollegiya iclasında bildirilib.

Tədbirdə çıxış edən nazir Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, respublikamızın hərtərəfli tərəqqisini və iqtisadi rəqabətqabiliyyətliliyinə görə qabaqcıl dövlətlər sırasında qərarlaşdığını vurğulayıb. Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan dövlət və hökumət başçılarının iştirakı ilə yenicə açılışı qeyd olunaraq bildirilib ki, ölkəmizin iradəsi ilə reallaşan və dünyanın 100 böyük layihəsi sırasına daxil olan BTQ dəmir yol xəttinin işə düşməsi strateji əhəmiyyət daşımaqla regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa xüsusi töhfədir.

İclasda ölkə başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamının icrası üzrə görülən işlər, o cümlədən insanların azadlıq hüququnun qorunması, alternativ cəzaların, həmçinin ictimai işlər cəzasının səmərəli tətbiqi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi qeyd edilib və bununla bağlı Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş "İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası"nın icrasının təşkili üzrə tədbirlər müəyyən olunub.

Kollegiyada oktyabrın 23-də müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş vermiş fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib. Qeyd olunub ki, bununla bağlı Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş B.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Həmçinin, hadisənin fəsadlarının aradan qaldırılması üzrə görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həbsdən qaçmış şəxslərdən biri tutularaq istintaq təcridxanasına qaytarılıb, digərinin axtarışı üzrə zəruri tədbirlər davam etdirilir.