Fədayə ilə qaçan dustaq harada ola bilər?


Digərləri 31 Okt 2017 10:45:00 372 0

Fədayə ilə qaçan dustaq harada ola bilər?

Şirvandan Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq "Qoca" ləqəbli Etibar Məmmədovun axtarışları davam edir.

O və digər məhkum 1989-cu il təvəllüdlü Əli Ağami Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmağa müvəffəq olsalar da, az sonra Şirvan şəhərində ələ keçmişdi. E.Məmmədovun isə axtarışları hələlik nəticə vermir.

Son.az-ın musavat.com-a istinadən xəbərinə görə, qaçış planı baş tutandan sonra E.Məmmədovun şimal istiqamətinə hərəkəti haqda məlumatlar əldə olunub. Onun bir neçə nəzarət kamerasına düşməsi haqda də xəbərlər var. Bildirilir ki, E.Məmmədov qaçışdan sonra Ə.Ağamidən ayrılıb və ona hara gedəcəyi haqda məlumat verməyib. Belə ehtimallar var ki, E.Məmmədov Rusiyaya keçə bilər. Onun Rusiya bazarlarında kriminal aləm üzvləri ilə əlaqələri olduğu da bildirilir.

Qeyd edək ki, Ə. Ağami və E. Məmmədov oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçıblar. Ə.Ağami Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama), E. Məmmədov isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunub. Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Vaqondan qaçmazdan bir neçə gün öncə dövlət ittihamçısı E. Məmmədovla Ə. Ağaminin hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Mühafizə altından qaçdıqlarına görə Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdi.