“Vosmoy” bazarında “yorğan” davası: yığılan pulu kim bölə bilmir? FOTO


Digərləri 28 Okt 2017 20:06:00 302 0

“Vosmoy” bazarında “yorğan” davası: yığılan pulu kim bölə bilmir?  FOTO

Adı MTN generallarının kriminal dosyelərində hallanan, "leş" qalmaqalları və müəmmalı yanğınlarla gündəmə gələn "Vosmoy" bazarında (Nizami rayonu, Naxçıvanski küçəsindəki "Ticarət Mərkəzi №4" ASC) bu dəfə də kiçik ticarət köşklərini sökərək yüzlərlə obyekt sahibini küçəyə atıblar.

Oktyabrın 25-i səhər saatlarından bazarda xırdavat və geyim alveri ilə məşğul olan ticarətçiləri zorla işlədikləri yerdən çıxararaq mallarını bazarın arxasındakı boş əraziyə daşıyıblar. Əsasən, geyim bazarında aparılan söküntü işlərinə polis əməkdaşları da cəlb olunub. İki gün öncə isə söküntü ilə razılaşmayan, yerindən çıxmaq istəməyən obyekt sahibləri ilə bazar rəhbərliyi və polis arasında qarşıdurma baş verib. Yolu bağlamaqla obyektlərinin sökülməsinə etiraz edən şəxsləri döyərək ərazidən uzaqlaşdırıblar. Hətta qarşıdurma zamanı halı pisləşən, ürəyi gedənlər də olub ki, onlar üçün təcili yardım çağırılıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu obyekti sökülən şəxslər bildirib. Onların sözlərinə görə, obyekti sökülən 350-dən çox şəxsin təxminən yarısı bu gün öz yerlərinə qaytarılıb. Qalanların isə taleyi sual altındadır.

"Bu boyda kişilərik, cibimizdə 20 qəpik pulumuz yoxdur..."

Bazarda sökülən köşklərin yeri görünürdü, sanki gediş-gəliş olan küçə genişlənmişdi. Amma bu obyektlərin yerini sayı çoxalmış səyyar satıcılar doldururdu. Çiynində qalaq-qalaq pal-paltar gəzdirən kim, əlində kolbasa, limon, çanta satan kim... Bunlar "haqqın yolu"nu tapanlar idi, hələ də çıxarıldıqları yerə geri qaytarılacaqlarına ümid edənlər də var idi.

Obyekti sökülənlərin bir hissəsi isə ortada qalmış mallarını torbalara yığmaqla məşğul idi. Narazı satıcılara yaxınlaşmışdıq ki, xırdavat satan qadın od püskürdü: "Bütün bazarın şikayəti var, kimin yoxdur ki? Mənim də yerimi dağıdıblar. Saçımı yolmuşam, özümü çırpıb öldürmüşəm, gətirib atıblar bura. İşləməyə imkan vermirlər!"

Bazara mətbuat nümayəndələrinin gələrək çəkiliş etdiklərini elə ilk dəqiqələrdən rəhbərliyə çatdırmışdılar. Bunu bizi qarabaqara izləyən qara papaqlı, qara gödəkçəli oğlandan da hiss etmişdik. Bazar rəhbərliyi obyekt sahiblərinin gözünü necə qorxutmuşdusa, nəzarətçinin yanında şikayət etməyə çəkinirdilər. Onun yaxınlaşdığını hiss edən satıcı qadın da "valı dəyişir": "Şikayətimiz-zadımız yoxdur. Əvvəl mallarımızı yığıb obyekti dağıştmışdılar, sonra qaytardılar..."

Bizi izləyənin gözündən yayınıb bazarın arxa tərəfinə keçirik. Bura əsl anbarı xatırladır. Obyekt sahibləri sökülən köşklərin salamat hissələrini bura yığaraq üstünü örtmüşdülər. Mallarını daşıyıb aparanlarla yanaşı, sona qədər dirənib geri qayıtmağa ümidli olanlar da var idi. Amma var-gəl edən satıcılardan birinin bəd xəbərlə qayıtması hamının əhvalını dəyişir: "Deyirlər, dağılışın, "veşinizi" də yığın aparın, geri qaytarmayacağıq!"