Azərbaycanda halal standartı ilə fəaliyyət göstərən hotellərin


Digərləri 24 Okt 2017 22:13:00 263 0

Azərbaycanda halal standartı ilə fəaliyyət göstərən hotellərin

Azərbaycanda halal standartı ilə fəaliyyət göstərən hotellərin sayının artması yeni inşa edilən hotellərin sayının artması nəticəsində mümkün ola bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.

Hazırda Azərbaycanda olduqca az sayda hoteldə halal standartlarının tətbiq edildiyini deyən M.Ağakərimov qeyd edib ki, halal standartı ilə fəaliyyət göstərən hotellərdə qadınlar və kişilər üçün ayrıca hovuz, namaz otağı olmalı, alkoqollu içkilər olmamalı, verilən yeməklər halal standartı ilə istehsal edilən məhsullardan hazırlanmalıdır:

"Gələcəkdə yeni hotellər inşa olunanda bəzi sahibkarlar öz yerləşdirmə obyektlərini halal standartları əsasında qura bilərlər. Hazırkı hotellərin bu tipdə qurulması üçün isə sahibkarlara əlavə sərmayə lazımdır. Ona görə də bu standartları həyata keçirmək o qədər də asan məsələ deyil".

M.Ağakərimov deyib ki, Azərbaycanda hotellərdə halal standartlarının tətbiqi islam ölkələrindən ölkəmizə gələn turistlərin axını ilə əlaqədardır.

Onun sözlərinə görə, halal standartlarının tətbiqi məcburi deyil:

"Əgər hər hansı hotel öz fəaliyyətini bu standartlar əsasında qurmaq istəyirsə, bunu edə bilər. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası bu sahədə hotellərə kömək edə bilər".

Qeyd edək ki, Azərbaycanda bu il qəbul edilən "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqində məqsəd ölkəmizə müsəlman dövlətlərindən gələn turistlərin sayını artırmaqdır.