Bakının mərkəzində yeniyetmələrə narkotik satılırmış? VİDEO FOTO


Digərləri 24 Okt 2017 11:00:00 325 0

Bakının mərkəzində yeniyetmələrə narkotik satılırmış?  VİDEO  FOTO

Nəsimi rayonu, 1-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, 11A ünvanda yerləşən aptekdə satışı qadağan olunmuş, uyuşdurucu tərkibli "Tramadol" adlı dərman satılır. Bu fakt narkotik tərkibli dərmanlardan istifadə edən gənclərdən birinin anasının aptekdə çəkdiyi video görüntülərdən sonra bəlli olub. Görüntülərdən məlum olur ki, 14-15 yaşlı uşaqlar aptekdən bu dərmanları alır, biri elə aptekin qarşısında dərmanı qəbul edir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra aptek fəaliyyətini dayandırıb.

"Müştərilərinin çoxu azyaşlılardır"

Qeyd edək ki, aptekin yaxınlığında 3 orta məktəb var. Azca aralıdakı mağazanın satıcıları iddia edir ki, müştərilərin əksəriyyəti azyaşlılardır. "Aptekdə narkotik tərkibli dərmanların satıldığını hər kəs bilirdi, müştərilərinin çoxu azyaşlılardır. Dəfələrlə şikayət edilib, amma tədbir görülmür", - satıcılardan biri əlavə edir.

Adının açıqlanmasını istəməyən digər satıcı da görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra aptekin qapısını bağlayaraq getdiklərini söyləyir. "Getməzdən əvvəl hamıya dedilər ki, soruşanlara "bilmirəm", "görməmişəm" söyləsinlər. Buna görə də, danışa bilmirik".

Maşınla gəlib-gedənləri izləyirlər

Aptekin qonşuluğundakı mağazaların satıcıları məlumat verməkdən imtina edirlər. Virtualaz.org-un əməkdaşları mağazaların birində müdirin satıcıya susması üçün tapşırıq verdiyinin şahidi olub. Mağaza sahibi bunu qonşunun çörəyinə bais olmamaqla əlaqələndirib. "Qonşudur, çörəyinə niyə bais olaq?"

Satıcılardan biri isə küçənin qarşı tərəfində dayanan ağ rəngli maşına işarə edərək izlənildiyimizi bildirir. "Aptekin əməkdaşlarından biri qarşıdan izləyir, heç nə danışa bilmərik. Yaxşı olar ki, bizdən heç nə soruşmayasınız", -satıcı mağazadan getməyimizi xahiş edir.

"Dərmanı qəbul edəndən sonra yeriyə bilmirdilər"

Bir qədər aralıdakı mağazanın satıcısından isə aptekin nə vaxt açılacağını soruşuruq. "Siz də aptekin müştərisisiniz?" sualına "yox" cavabı verəndən sonra satıcı aptekin narkomanların "oylağ"ına çevrildiyini söyləyir: "Bu küçədə hər addımbaşı aptek var. Amma hamı məhz bu aptekin qarşısına toplaşırdı. Bəzən gündə 50-60 adam gəlirdi, əksəriyyəti də 15-20 yaşlı cavanlar idi. Səhər tezdən aptekin qarşısında toplaşırdılar. O qadın doğru deyir, bəzilərinin yeriməyə heyi olmurdu, küçədə çöməlib otururdu".