Pişiklər niyə tək yaşamağı sevir?


Digərləri 21 Okt 2017 20:35:00 295 0

Pişiklər niyə tək yaşamağı sevir?

Ev pişikləri hesab edir ki, qrup halında yaşamağın mənası yoxdur, lakin gələcəkdə bu, dəyişə bilər.

Təsəvvür edin, pişik sürüsünü güdürsünüz. Bu, mümkündür?

Lincoln Universitetinin baytarlıq üzrə professoru Daniel Mills-dən soruşun. Son araşdırmasında Mills və həmkarı Alice Potter nümayiş etdiriblər ki, pişiklər itlərə nisbətən daha tənha və müstəqildirlər.

Son.az BBC-yə istinadən bildirir ki, layihə üçün araşdırma pişiklərin özü qədər çətin olub.

"Onların nəyisə etmələrini istəyəndə bunu çox çətin həyata keçirirlər", Mills deyir. "Onlar öz bildiklərini edirlər".

Bəs pişiklər niyə əməkdaşlıqdan yayınırlar? Həm bir-birləri ilə, həm də insanlarla.

Ya da sualı başqa cür qoysaq, niyə bir çox başqa heyvanlar - vəhşi, ya da ev heyvanı - qrup halında yaşayır?

Təbiətdə qrup halında yaşamaq geniş yayılıb. Quşlar dəstə-dəstə, antilop və balıqlar sürü halında. Yırtıcı heyvanlar tez-tez birgə ov da edirlər.

Hətta pişiklərin qohumu olan şir da sürü halında yaşayır.

Yırtıcılara yem olan bəzi növ heyvanlar təhlükəsizlik üçün qrup şəklində yaşayırlar, Minnesota Universitetinin bioloqu Craig Packer deyir.

"Yırtıcı yalnız birini götürə bilər və əgər onların sayı yüzlərlədirsə, yem olmaq şansı bir faizə qədər azalır. Tək olanda isə 100 faiz yem olacaqsan".

Qrup halında yaşayan heyvanlar həmçinin, "çoxlu göz" effektindən yararlanırlar: qrup nə qədər böyük olarsa, yırtıcını görmək şansı da daha böyük olur.

"Yırtıcını daha tez görsən, qaçmaq üçün də vaxt qalar", Berlindəki Humboldt Universitetindən Jens Krause deyir.

Kollektiv həyatın başqa üstünlükləri də var. Tək heyvanlar yem tapmaq üçün daha çox vaxt və enerji sərf etməli olurlar.

Məsələ təkcə yırtıcılardan yaxa qurtarmaq da deyil. Qrup halında yaşayan heyvanlar cütləşmək üçün başqa yerə getməli deyillər.

Tək yaşayan heyvanlar üçün bu, əsl problemdir. Sürüdə görüşməyə nə var ki.

Balalar dünyaya gələndə də yaşlı heyvanlar onları qorumaq və yedizdirmək üçün birgə çalışırlar.

Bir çox quş növlərində gənc quşlar cütləşənədək ailədə qalırlar. Onlar birgə rəqs edir, birgə çimişir və hətta, bir-birlərinə hədiyyə verirlər.

Qrup halında yaşamaq enerjiyə də qənaət deməkdir. Dəstə kimi yaşayan quşlar və ya balıq sürüsü daha effektiv hərəkət edir, nəyinki tək uçanlar və üzənlər.

Eyni prinsipdən Tour de France velosipedçiləri də istifadə edir.

Sonda, yarasalar və pinqvinlər təsdiqləyər, birgə qucaqlaşıb isti qalmaq da daha rahatdır.

Bu qədər üstünlüyünü nəzərə alsaq, qəribədir ki, bəzi heyvanlar birgə yaşamaqdan boyun qaçırır.

Lakin ev pişiklərindən aydın olur ki, bütün heyvanlar qrup halında yaşaya bilməzlər.

Bəzi heyvanlar üçün qrupun üstünlüklərinə görə yeməyini bölüşdürməyə dəyməz.

"Bir yerdə yeyəndə, sənə daha az çatma ehtimalı var", Kanadadakı Guelph Universitetindən bioloq John Fryxell deyir.

Burada əsas faktor hər bir heyvana yetərincə qidanın çatmasıdır. Bu, hər bir heyvanın nə qədər yeməyə ehtiyacı olmasından asılıdır.

Pişiklərin isə iştahası yaman güclüdür. Misal üçün, bəbir hər bir neçə gün ərzində 23 kq ət yeyir.

Rəqabət güclü olduğu üçün bəbir tək yaşayır və ova çıxır.

Pişiklər ailəsi üçün bir istisna var: şirlər. Şirlər üçün məsələ ərazi məsələsidir, Packer deyir. O, Afrika şirlərinin öyrənilməsinə təxminən, beş il sərf edib.

Savana otlaqlarının bəzi yerlərində ov etmək üçün əla pusqu imkanları var. Ora nəzarət etmək böyük üstünlük deməkdir.

"Ərazinə nəzarət etmək üçün komandan olmalıdır. Ən böyük komanda qalib gəlir", Packer deyir.

Bu birliyi xoşbəxt edən isə tək şirin bir neçə dişi şirə bəs edəcək qədər böyük ov edə bilməsidir.

"Ovun böyüklüyü onların birgə yaşamasına imkan verir, lakin onların qrup halında yaşamasının əsas səbəbi coğarfiyadır", Packer deyir.

Ev pişiklərinin isə, kiçik heyvanları ovladığı üçün, vəziyyəti fərqlidir.

"Siçan tutanda yanında başqalarının olmasını istəmirsən, çünki onu diri udacaqlar", Packer izah edir.

"Vəssalam, bölüşməyə başqa heç nə yoxdur".