Ərəblər Azərbaycan ətinə dadanıb:


Digərləri 21 Okt 2017 15:24:00 306 0

Ərəblər Azərbaycan ətinə dadanıb:

Ekspert: "Fermerlərə və ya sahibkarlara göstəriş verilə bilməz ki, məhsulunu xaricə satmasın, amma..."

Azərbaycanda  daxili bazarda ətin qiymətinin gündən-günə artdığı bir vaxtda məlum olub ki, ölkəmizdən  ərəb ölkələrinə ət ixrac olunur. Belə ki, 2017-ci ildə Gömrük Komitəsi ilk dəfə hesabatında Azərbaycanın ət, ət məhsulları, hətta mal-qara ixracını artırması barədə məlumat verib. 2017-ci ilin I yarısında diri çəkidə 907 min dollar məbləğində mal ixrac edilib. Bu, 2016-cı ilin eyni dövründəkindən (236,5 min dollar) 384% çoxdur.  Ət və ət məhsulları ixracı 2017-ci ilin I yarısında 159,8 min dollar olub. Bu, 2016-cı ilin eyni dövründəkindən (53,4 min dollar) 299% çoxdur. Süd məhsulları, yumurta və bal ixracında (2016-cı ilin 6 ayında 788,8 min dollar, 2017-ci ilin 6 ayında 3806,5 min dollar) 489% artım olub.

Azərbaycanın ət və süd məhsullarının əsas idxalçıları Körfəzin ərəb ölkələri olub. Qətərin "Lulu Group İnternational" şirkətinin direktoru Məhəmməd Altaf bildirib ki, Qətərin iqtisadi blokadasına qədər ölkə biznesmenləri Azərbaycan və qonşu ölkələrdən məhsul idxalı ilə maraqlanmayıb. "Amma hazırda Azərbaycan və qonşu ölkələr İranın razılığı ilə Bəndər Abbas limanına çıxa bilir. Bu, limandan Qətərə malı 24 saata çatdırmağa imkan verir ", - deyə, Altaf bildirib. Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Abdullayev ərəblərin Azərbaycanın ət məhsullarına marağını təsdiq edir.

Azərbaycandan ət, ət məhsulları, diri mal-qaranın ərəb ölkələrinə ixracının kəskin artmasına bu ölkələrdən Azərbaycana turist axınının artması ilə izah etmək olar. Belə ki, ərəb ölkələrindən gələn  turistlərin burada yedikləri ətin dadını daha çox bəyəndikləri və ölkələrinə xırdabuynuzlu heyvanlar idxal etdikləri barədə məlumatlar var idi. Ancaq Azərbaycan xaricə ət məhsulları ixrac etməyə başlasa da,  ölkədə ət məhsulları istehsalı az artıb. Hətta daxili bazarda qıtlıq olduğundan qiymətlərdə də kəskin artım müşahidə olunur.  Dövlət Statistika Komitəsinin  məlumatına görə, 2017-ci ilin I yarısında ət istehsalı 2,4% artaraq, 312,6 min tona çatıb. Bu, yerli bazarın tələbinin 34%-i təmin edir.

Hazırda ölkəmizdə heyvandarlıqla məşğul olan fermerlər yem bazasının az olmasından ciddi əziyyət çəkirlər. Rayonlarda ot bağlamalarının qiyməti hədsiz bahalaşıb. Qış aylarından isə qiymətlərin daha da artması gözlənilir. Bundan başqa regionlarda istifadəsiz qalan örüş yerlərinin də strateji məhsulların əkininə yönəldilməsi ot yığımına da ciddi təsir edib. Otlaq sahələrində pambıq, tütün, şəkər çuğurduru və digər strateji məhulların əkilməsi heyvandarlığa ciddi təsir edib. Yemi pulla alaraq heyvan bəsləmək isə fermerlər üçün heç də hər zaman sərfəli olmur. Bu baxımdan ölkədə ət istehsalı azalıb. Nəticədə 2016-2017-ci illər ərzində xaricdən 28 milyon 696 min dollarlıq diri heyvan, 38 milyon 622 min dollarlıq ət və əlavə ət qida məhsulları idxal olunub.

Bunun müqabilində xarici ölkələrə ət ixrac edilməsi  daxili bazarı daha da çətin vəziyyətdə qoyur.  Lakin istənilən halda ixracın artması və Azərbaycan məhsullarının yeni bazarlara çıxarılması müsbət haldır.