Elnur Rövşanə haqda: Bunu Rusiyada aparıcı desəydi, onun başı kəsilərdi FOTO


Şou-biznes 20 Okt 2017 18:12:00 420 0

Elnur Rövşanə haqda: Bunu Rusiyada aparıcı desəydi, onun başı kəsilərdi  FOTO

Oxu.az Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovdan müsahibə alıb.

Son.az həmin müsahibəni təqdim edir:

- Yeni film və seriallara dəvət alırsınızmı? Çalışdığınız teatrda sizin də ifanızla premyera gözlənilirmi?

- Xeyr, dəvət almamışam. Teatrda isə fəaliyyətim davam edir. Yeni premyeralarda isə yoxam. Onu da qeyd edim ki, bu yaxınlarda Kalmıkiya Respublikasında keçirilən "Keeda" adlı uşaq və gənclər milli tamaşalar festivalından geri döndük. İzləyicilərin xahişi ilə festival çərçivəsində ilk dəfə olaraq bizim tamaşamız iki dəfə oynanıldı.

Mən həmin ölkədə Konstantin Stanislavskinin 150 illiyinə həsr olunmuş tədbirdə "Stanisilavski medalı"nı aldım. Amma Azərbaycana qayıdanda mənə "O nə medaldır? Kalmıkiya verib də" dedilər. Halbuki bunu həmin ölkədən Teatr Xadimləri İttifaqına göndərirlər və Rusiya Federasiyası bunu təsdiqləməsə, heç kimə o medal verilə bilməz. Rusiyanın özündə elə aktyorlar ki,  hələ də o medalı almayıblar. 

- Uzun müddət aparıcı kimi fəaliyyət göstərmisiniz. Artıq bu peşə ilə məşğul olmursunuz. Aktyorluqla yanaşı, aparıcılıq etmək çətindir, yoxsa bununla bağlı təklif gəlmir?

- Xeyr, çətin deyil. Mən əvvəl hazır layihələrə dəvət olunurdum. Özüm sonradan teatr, kino, premyerlaradan sonra yaradıcı insanlarla görüş və s. mövzuları əhatə edən layihələr  hazırladım, lakin təsdiq olunmadı. Dedilər ki, reytinq verməyəcək. Şou olmasını istədilər. Əslində, ora da bir az şou əlavə edib, rubrikalarla bəzəmək olardı.

- Teleaparıcı Rövşanə Bektaşinin "Səhər-səhər" proqramında teatrla bağlı dediyi fikirlərə sosial şəbəkə vasitəsilə sərt münasibət bildirdiniz. Buna aydınlıq gətirməyinizi istərdik...

- Teatr elə bir məfhumdur ki, buna səthi yanaşmaq olmaz. Əgər bir şey haqqında düzgün danışılmır və buna cavab verilmirsə, sabah bundan da artıq danışılacaq və uçurum yaranacaq. 90-cı illərə qədər Azərbaycan teatrı inkişaf edirdi. Həmin illərdən sonra baş verən məlum hadisələr - müharibə illəri, 20 Yanvar faciəsi və s. teatrların inkişafına da öz mənfi təsirini göstərdi. Daha sonra müstəqillik qazandıq və yavaş-yavaş bu sahə də irəliləməyə başladı.

Aparıcı ilə bağlı məsələyə gəlincə isə, bəzən tənqidlə təhqiri ayıra bilmirlər. Tamaşaçı bilmir axı, bu xanım tamaşalara gəlmir, teatrın fəaliyyətindən xəbərsizdir. Mənə ən çox təsir edən məqam Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik teatr kimi təqdim olunması idi. Biz bu il 90 illiyimizə hazırlaşırıq. 90 nəfərlik truppası olan və böyük sənətkarlar yetişdirən teatr haqqında bu sözləri necə demək olar? Bizdə Cənnət Səlimova, Bəhram Osmanov kimi sənətkarların böyük tamaşaları da nümayiş olunur. Bu teatrda, eyni zamanda, uşaq nağıllarından ibarət  tamaşalar səhnəyə qoyulub və gənc nəsil bununla yetişməyə başlayıb.

O ki qaldı Şuşa və İrəvan Teatrları ilə bağlı aparıcının "Qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar" deməsinə, Şuşa Teatrı musiqili dram teatrıdır, orada çalışan aktyorlar bütün musiqili alətlərdə ifa etməyi bacarırlar, çox istedadlıdırlar. Şuşa Azərbaycanın mədəniyyət ocağıdır. Həmçinin İrəvan Teatrı haqqında da bu fikirləri demək olar.  

Mən düşünürəm ki, əgər bu cür sözlər Rusiyada bir aparıcı tərəfindən verilişdə səslənsəydi, onu asardılar və ya ona iş kəsilərdi.


Xəbərə aid fotolar