Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər FOTO


Digərləri 20 Okt 2017 14:32:00 328 0

Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər  FOTO

Kəsim məqsədilə gətirilən heyvanı maşından düşürmək üçün başına ip bağlayıb, bir ucunu da ağaca bərkidirlər. Maşını sürürlər, heyvan zərbə ilə yerə dəyir. Sonra heyvanı elə yol kənarındaca hər kəsin, xüsusilə məktəb yaşlı uşaqların gözü qarşısında kəsirlər, qanı küçəyə axıdılır. Kəsilmiş heyvanın cəmdəyi saatlarla asılı vəziyyətdə qalır, kəlləsi, ayaqları ayrıca nümayiş etdirilir. Bu mənzərə hər gün təkrarlanır.

Yol kənarlarında, antisanitariya şəraitində ət kəsimi illərdir problem olaraq qalır. Amma dərd bununla bitmir, indi az qala hər məktəbin, uşaq bağçasının yaxınlığında ət kəsim məntəqəsi fəaliyyət göstərir. Azyaşlılar günün istənilən saatında heyvan kəsimini canlı izləyə bilirlər. Halbuki, diri heyvanların kəsim yeri insanların gediş-gəliş ərazilərindən kənarda olmalıdır. Çünki ət kəsiminin sanitar-gigiyenik tərəflərindən başqa, mənəvi-psixologi tərəfləri də var. Hər gün qanlı mənzərəni izləyən azyaşlı psixi sarsıntı yaşayır.

Son.az xəbər veirr ki, virtualaz.org-a ayrı-ayrı vaxtlarda daxil olan şikayətlərdən də görünür ki, sakinlər yol kənarlarında, göz önündə sallaqxanaların olmasından narahatdır. Bu vəziyyət uşaqlara mənfi təsir göstərir.

"Məktəb və bağçaya gedən yolun üstündə sallaqxana var, uşaqların gözü qarşında heyvan kəsirlər. Üstəlik, heyvanın başı saatlarla küçənin ortasında qalır", - Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri əməkdaşımıza deyiblər.

Qəsəbədəki 65 saylı orta məktəb və bağçanın yaxınlığında iki sallaqxana var. Sallaqxananın biri avtoyuma məntəqəsinin qarşısındadır, heyvanın içalatı vannaya doldurulur, avtoyuma məntəqəsində yuyulur. "Doğrudur, kəsilən heyvanın əti mağazada satılır, amma kəsim yolun kənarında aparılır, içalatı vannaya doldurulur, yaxınlıqdakı avtoyuma məntəqəsində yuyulur. Heyvanın başı isə mağazanın girəcəyində, qapının ağzında alıcılarını gözləyir", - şikayətçilər əlavə ediblər.

Küçədə heyvan kəsimi səbəbindən Zığ sahibsiz heyvanların məskəninə çevrilib. Xüsusilə, mağzanın qarşısında itlər sürü ilə gəzir.

Xətai rayonu, 194 saylı məktəbin bir addımlığında sallaqxana fəaliyyət göstərir. Məktəbin yaxınlığında yaşayan Sədaqət Səmədova deyir ki, övladı inəyin necə kəsildiyinin şahidi olub və bundan sonra ət yeməkdən imtina edib. "8 yaşlı oğlum ət yemək istəmir. Çünki inəyin necə kəsildiyini görüb, çox təsirlənib. Deyir ki, inəyi yerə yıxıb başından vurdular, sonra buçaqla başını kəsdilər. Dəfələrlə irad bildirmişik, amma qarşısını alan yoxdur", - Səmədova narazılıq edir.

Nərimanov rayonu, 177 saylı məktəbin yaxınlığında da eyni vəziyyətdir, heyvan yerə uzadılır, başını kəsirlər və səhər dərsə gedən uşaq bu mənzərəni izləməyə məcburdur.


Xəbərə aid fotolar