Payız depressiyası


Digərləri 20 Okt 2017 08:52:00 278 0

Payız depressiyası

Payızın gəlişi bir sıra hallarda əhvali-ruhiyyəni pisləşməsi, süstlük və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Payız depressiyası adlandırılan həmin dəyişiklik əhalinin 4-5 faizində müşahidə olunur. Depressiyanın səbəblərini dəqiq aşkar etmək mümkün olmasa da, psixiatrların fikrincə, əsas səbəb günəş işığının azalması nəticəsində yaranan hormonal dəyişikliklərdir.

Son.az bildirir ki, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Rəşidova AZƏRTAC-ın müxbirinə deyib: "Payız dəyişikliyi ilk növbədə melatonin hormonunun artmasına aparıb çıxarır. Orqanizmdə temperaturu tənzimləyən həmin hormonun yüksəlməsi hərarətin azalmasına, yuxululuğun və iştahanın artmasına səbəb olur.

İkinci səbəb serotonin hormonunun azalmasıdır. Həmin hormon əhvalın tənzimlənməsi, yuxu ilə ayıqlığın tarazlanmasına cavabdehdir. Orqanizmdə melatoninin artması avtomatik olaraq serotonin azalması ilə nəticələnir. Məmnunluq və xoşbəxtlik hissinin yaranması, həmçinin əhvali-ruhiyyə yüksəkliyi üçün qanda serotonin yüksək miqdarda olmasıdır.

Günəş işığının intensivliyinin azalması dofamin adlı daha bir neyromediatorun miqdarının azalmasına səbəb olur, diqqətin və ətraf mühitdə baş verən hadisələrə marağın zəifləməsi ilə nəticələnir. Aparılan tədqiqatlar göstərir ki, mövsümi depressiyadan günəş işığı az olan şimal qurşaqlarında yaşayanlar daha çox əziyyət çəkir.

Qəm-qüssə, heç nəyə marağın olmaması, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması, xarakterin dəyişməsi, əsəbilik, oyanıqlıq, tez qıcıqlanma, cinsi qabiliyyətin aşağı düşməsi, iştahanın dəyişməsi-artması və ya olmaması və suisidal fikirlər payız depressiyasının əlamətləri hesab olunur".