Yaddaş zəifliyi olanlara HƏKİM MƏSLƏHƏTİ


Digərləri 18 Okt 2017 21:42:00 593 0

Yaddaş zəifliyi olanlara HƏKİM MƏSLƏHƏTİ

Yaddaşsızlıq problemi bütün zamanlarda yaşanıb. Amma hazırda demək olar ki, bütün dünyada daha da yayğın hal alıb. Təsadüfi deyil ki, həm özümüz, həm də ətrafdakılardan tez-tez bu cür cümlələr eşidirik - "Əlimdəki qələmi hara qoymuşamsa, tapa bilmirəm", "Səhər nə yediyim yadımdan çıxıb", "Açarları qoyduğum yeri unutmuşam", "Yaddaşım yaman zəifləyib" və sair. Bəzən hətta telefon, yaxud başqa əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq.

Bəs bu cür halların yaranmasına nə səbəb olur? Niyə bir zamanlar qocalarda rastlanan yaddaş pozğunluğuna indi gənclərdə, hətta uşaqlarda belə, rast gələ bilirik? Yaddaşsızlıq problemini aradan qaldırmaq olarmı?

Son.az bildirir ki, problemlə bağlı ailem.az-a danışan psixoloq Elnur Rüstəmov deyir ki, bu gün dünya əhalisi yaddaşsızlıq sindromundan və altsheymer xəstəliyindən çox əziyyət çəkir: "Xüsusən yaşa dolduqca problem özünü daha çox göstərir. Əvvəllər altsheymer xəstəliyini adətən 65 yaşdan yuxarı yaşlılarla əlaqələndirirdilərsə, elmin inkişafı xəstəliyə erkən yaşlarda da rast gəlməyin mümkün olduğunu üzə çıxarıb. Belə ki, xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya onun aşağı səviyyədə olmasından əziyyət çəkirlər. Bir də var yaddaşın pozulması ilə bağlı məsələ ki, bu, müxtəlif səbəblərdən ola bilər. Məsələn, stress, diqqət dağınıqlığı bu gün qlobal bir problemdir. Bu nədən yarana bilər? Hazırda bir çoxları işinə konsentrasiya ola bilmir. Bu gün həyatımızda mobil telefon, kompüter və sair kimi diqqəti yayındıran çox şeylər var. Nəticədə insan oxuduğu bir şeyi yaxşı mənimsəyə, onu tam yadında saxlaya bilmir".