Tənqidi jurnalistika ilə milli düşmənçiliyin fərqi


Digərləri 17 Okt 2017 20:03:00 304 0

Tənqidi jurnalistika ilə milli düşmənçiliyin fərqi

Maltada blogger, araşdırmaçı jurnalist kimi tanınan Dafne Karuana Qalizianın oktyabrın 16-da terror yolu ilə öldürülməsi bütün dünyada ciddi rezonans doğurub. Əlbəttə, jurnalistika riskli peşələr sırasındadır və dünyanın bütün guşələrində xəbər istehsalçılarının hər il qətlə yetirilmələrinə dair onlarla fakt baş verir. ABŞ və Avropa ölkələri də istisna deyillər. Avropanın mərkəzində son illərdə intensivləşən terror hadisələri nəinki fərdi jurnalistləri, hətta bütöv redaksiyaları hədəf alır, ciddi problemə çevrilir. Bu sahədə 2015-ci ildə Fransada baş vermiş "Şarli Ebdo" ("Charlie Hebdo") qətliamı  pik nöqtə oldu. Paytaxt Parisdə yerləşən "Charlie Hebdo" satirik jurnalının redaksiyasına edilən silahlı hücum nəticəsində 12 nəfərin həlak olması əsl şok yaratmışdı. İcraçılar da kənardan gəlməmişdilər. Terrora səbəb kimi adı çəkilən nəşrdə Peyğəmbərlərin karikaturalarının dərc olunduğu göstərilirdi. Nəşrin sonuncu - "Dekabr 2014-Yanvar 2015" sayında dərc olunmuş  və Milad bayramına (İsa peyğəmbərin doğulmasına) həsr olunmuş karikaturada xristianların peyğəmbəri, eləcə də onun anası Məryəmi təhqir edilmişdi. Karikatura Fransada narazılıqla qarşılanmışdı.

Amma problem təkcə karikaturada, müqəddəslərin təhqir olunmasında, söz-ifadə azadlığından sui-istifadə edilməsində, buna qarşılıq olaraq terror törədilməsində deyil. Problem həm də Avropada təhlükəsizlik məsələsidir. Parisdə olduğu kimi, Maltada da jurnalistin nümayişkəranə şəkildə, açıq terror yoluyla qətlə yetirilməsi təkcə jurnalistin ölümü faktı olaraq deyil, həm də Avropa məkanında demokratiya və təhlükəsizlik prinsipinin pozulması kimi narahatlıq doğurur. Malta olayının dünyanı sarsıdan, lərzəyə salan, həyəcanlandıran cəhəti həm də budur. Əks təqdirdə, Dafne Karuana Qalizianın ölümünə də indiyədək qətlə yetirilmiş 2700-dən artıq xəbər istehsalçısının taleyi kimi yanaşılar, QHT-lərin bəyanat verməsilə kifayətlənilərdi. Avropa ikili siyasəti, qərəzli yanaşması, bəzən laqeyd münasibətilə bölgədə terrorun çiçəklənməsinə rəvac verib, indi özü də bu siyasətin qurbanına çevrilir. Terror sərhəd tanımır: bir vaxtlar İraqda, Suriyada, Türkiyədə alovlandırılan terror, bu gün Avropanın mərkəzinə daşınıb, qarısıalınmaz problemə çevrilib. Jurnalist ölümlərinə görə dünya dövlətlərini ittiham edən Avropa, indi özü xəbər istehsalçıları üçün qəbiristana çevrilir: söz-ifadə azadlığına tolerant yanaşma imici dağılır. Durum təkcə mərkəzi Avropada yaşayanları deyil, bütün dünyanı narahat edir. Dövlət-hökümət başçıları, beynəlxalq dövlətlərarası təşklatlar, beynəlxalq QHT-lər hər biri faktı pisləyən açıqlamalar verir, yanlış tendensiyanın qarşısının alınması üçün çaba göstərirlər.

Maltanın müvafiq dövlət qurumları, hüquq -mühafizə orqanları bəyanat yayıblar, günahkarların aşkarlanması üçün bütün imkanlarını səfərbər etdiklərini bildiriblər. Ölkənin baş naziri, bu ilin əvvəlində Karuana Qalizia tərəfindən ittiham edilən Cosef Muskat da bəyanatla çıxış edib, jurnalistə qarşı tətbiq edilən sui-qəsdi pisləyərək, bunu "mətbuat azadlığına qarşı barbar bir hücum" adlandırıb, "bu hadisənin ədalətli nəticələndiyini görməyincə, rahat olmayacam ", - deyib.